UNEC-də dövlət sifarişli yerlərin sayı 70 faizə qədər yüksəlib

2021/2022-ci tədris  ilində  Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul planı 96,4 faiz yerinə yetirilib. Magistratura pilləsində qəbul sayı və ballar artıb. Belə ki, magistraturada qəbul planı MBA proqramında, eləcə də  İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə 99 faiz, texniki və texnoloji ixtisaslar üzrə isə 100 faiz olub. UNEC-də yeni açılan SABAH magistraturasında Kommersiya ixtisası üzrə qəbul planı da 93 faiz yerinə yetirilib. Bu baradə bakalavriat  və magistratura  səviyyələri  üzrə  tələbə  qəbulunun  nəticələri haqqında hesabatda bildirilib. 

 

Bundan başqa, UNEC Elmi Şurasının iclasında rektor, professor Ədalət Muradov universitetin bu il Təhsil Nazirliyinin strukturuna daxil olan ali təhsil müəssisələri arasında qəbul nəticəsinə görə, birinci yerdə olduğunu diqqətə çatdırıb. Qəbul planında ödənişli və dövlət sifarişli yerlərin sayında müsbət dəyişikliyin olduğunu, dövlət sifarişli yerlərin sayının 70 faizə qədər yüksəldiyini deyib. Hazırda UNEC-də 344 əcnəbi tələbənin təhsil aldığını qeyd edən rektor, əcnəbi tələbələrin sayının artırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

 

UNEC-də bu ildən Qida mühəndisliyi ixtisası üzrə UNEC SABAH qruplarının yaradıldığını diqqətə çatdıran rektor, texniki və texnoloji ixtisaslar üzrə UNEC SABAH qruplarının sayının artırılacağını deyib. Həmçinin texniki və texnoloji ixtisaslar üzrə Türkiyənin aparıcı universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılacağını söyləyib.

 

İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. O bildirib ki, qış imtahan sessiyası üzrə imtahanların 5 yanvar tarixindən başlanması və 2 fevral tarixində yekunlaşdırılması planlaşdırılıb. Bakalavriat səviyyəsində qabiliyyət tələb edən fənlər istisna olmaqla, digər fənlər üzrə imtahanlar test üsulu ilə olacaq. İmtahanlarda tələbələrə 50 sualı cavablandırmaq üçün riyazi fənlər üzrə 80 dəqiqə, xarici dildə işgüzar və akademik kommunikasiya fənləri üzrə 100 dəqiqə (qiyabidə 60 dəqiqə), qalan fənlər üzrə isə 60 dəqiqə vaxt veriləcək. Test sualları, tələbələrə təqdim edilən fənlərin siyahısı gələn həftə ərzində şəxsi kabinetlərə göndəriləcək. Magistratura səviyyəsində isə bütün fənlər üzrə imtahanlar yazılı üsulla keçiriləcək.

 

UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov 1919-1920-ci illərdə Azərbaycanda ilk konsul olmuş diplomat və yazıçı Vintsas Kreve Mitskeviçyusun xatirəsinin əbədiləşdirilməsi məqsədilə UNEC-də litvalı diplomatın adına auditoriyanın yaradılması və barelyefinin qurulması barədə Litvanın Azərbaycandakı səfirliyi tərəfindən müraciət olunduğunu bildirib. Qeyd olunub ki, litvalı diplomat həmin dövrdə Bakı Realnı məktəbində (indiki İqtisad Universiteti) müəllim kimi də fəaliyyət göstərib. Auditoriyanın yaradılması barədə təklif Elmi Şurada təsdiqlənib.

 

Dərbənd filialında əcnəbi tələbələrin illik təhsil haqqında dəyişiklik olunması da müzakirəyə çıxarılıb. Filialın direktoru Kurban Kurbanov bildirib ki, Rusiya Federasiyasının Təhsil Haqqında Qanununda edilən dəyişikliyi nəzərə alaraq, Dərbənd filialında əyani-qiyabi təhsil alan əcnəbi tələbələrin təhsil haqqının müəyyənləşdirilməsi zərurəti yaranıb. Müzakirələrdə əyani-qiyabi təhsil alan əcnəbilər üçün təhsil haqqının 1100 ABŞ dolları olması müəyyənləşdirilib.

 

Sonra rektor UNEC-də əmək haqlarının bütövlükdə 14 faiz artırılmasını təklif edib. Professor-müəllim heyətinin əmək haqqının 15,1 faiz, inzibati heyətin əmək haqının isə 12 faiz artırılacağını deyib.

 

Şura üzvlərinin qərarına əsasən, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi yaradılıb, dissertasiyalara nəzarət məqsədilə antiplagiat proqramının təkmilləşdirilmiş yeni qaydaları təsdiqlənib.

 



13.12.2021 | 10:31