Naxçıvan Dövlət Universiteti tələbəsinin zərgərlik məmulatlarından ibarət fərdi sərgisi

Naxçıvan Dövlət Universitetində ilk dəfə olaraq Rəngkarlıq ixtisası üzrə IV kurs tələbəsi Eldar Hüseynovun qızıl aksessuarları və zərgərlik məmulatlarından ibarət fərdi sərgisi təşkil edilib.

 

Universitetin incəsənət fakültəsinin sərgi salonunda keçirilən tədbirdə rektor Elbrus İsayev fakültədə müxtəlif səpkidə, rəngarəng üslubda təqdim edilən sərgilərin ənənə halı aldığını qeyd edib. Tələbələrin fərdi sərgilərinin keçirilməsinin onların gələcək fəaliyyətlərində xüsusi önəm kəsb etdiyini vurğulayan rektor gənc istedadlara bu istiqamətdə uğurlar arzulayıb.

 

Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyev rəssamlığın qədim zərgərlik sənət sahəsinə təsirindən danışaraq, tələbənin bu istiqamətdəki fəaliyyətini müsbət qiymətləndirib. Vurğulanıb ki, E.Hüseynov istedadı ilə seçilməklə yanaşı,  dərslərində intizamı və çalışqanlığı ilə də fərqlənir.  

 

İncəsənət fakültəsinin dekanı,  Naxçıvanın Əməkdar rəssamı Cavid İsmayılov qeyd edib ki, E.Hüseynov 12 yaşından etibarən bu sənətlə məşğul olur.

 

Sərginin təşkil olunmasına görə minnətdarlığını bildirən E. Hüseynov bildirib ki, uşaqlıqdan maraq göstərdiyi bu peşənin sirlərini zərgərlik sənətinin ustalarından öyrənib. Gənc zərgər Qarabağ Zəfəri ilə bağlı sevincini  xarı bülbül sancağı düzəltməklə ifadə etdiyini diqqətə çatdırıb.

 

 Sonra sərgiyə baxış olub.

 

Qeyd edək ki, sərgidə 27 dəst gümüş və qızıl məmulatları olmaqla, ümumilikdə 40-a yaxın zinət əşyaları nümayiş etdirilib. Sərgiyə qədim sırğa növü olan nacağı, sep, sırğa və  üzük dəstləri ilə yanaşı, xarı bülbül sancağı, Ulu öndər Heydər Əliyevin imzasının qızılla işlənmiş variantı da təqdim olunub.

 



15.12.2021 | 16:25