“İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri”

Sumqayıt Dövlət Universiteti (SDU) və Türkiyənin Yıldız Texniki (YTU) Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” adlı  Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

Konfransda Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin üzvü, akademik, Ziyad Səmədzadə, AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov, respublikanın elmi-tədqiqat institutlarından, ali məktəblərindən və dünyanın bir çox ölkələrindən- Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Çin, İran və Özbəkistandan bir qrup iqtisadçı-alimlər iştirak edirlər.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov konfransın əhəmiyyətindən danışıb,  iki qardaş ölkənin universitetləri arasında işbirliyindən məmnunluğunu ifadə edib. YTU  ilə SDU  arasında uğurla davam edən birgə tədbirlərin qarşılıqlı faydalılığını vurğulayaraq bildirib ki, Sumqayıt Dövlət Universiteti  elmi əlaqələrini günü-gündən genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Dövrün tələbi olan elm, təhsil sahəsinin inteqrasiyanın dərinləşdirilməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq yüksək ixtisaslı kadr hazırlığı məqsədilə  SDU  dünyanın və Türkiyənin bir çox  qabaqcıl ali təhsil müəssisələri  ilə sıx əməkdaşlıq edir.

 

YTU-nun rektoru Tamer Yılmaz 110 illik inkişaf tarixi olan Yıldız Texniki Universitetində həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə məlumat verib. Hazırda universitetdə 37 min tələbənin təhsil aldığını, 11 fakültə, hər fakültənin tərkibində  bir neçə ixtisasın fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, universitet dünya üzrə 661 ali məktəblə əməkdaşlıq edir ki, bunlardan da 6-sı Azərbaycan universitetidir. Yıldız Texniki Universitetinin Türkiyə universitetləri arasında ən böyük texnoparka malik olduğunu vurğulayan T.Yılmaz sənaye ilə səmərəli işbirliyinin yaradılması sahəsində mövcud olan zəngin təcrübələrindən də danışıb. O, SDU ilə YTU arasında qarşıda daha faydalı layihələrin həyata keçiriləcəyini qeyd edib.

 

Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadə və AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov konfransın əhəmiyyətindən bəhs edib, müstəqil Azərbaycanın ildən-ilə gücləndiyini, sürətlə inkişaf etdiyini söyləyiblər. Bildirilib ki, aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda qazanılan inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub.

 

Konfransda digər alimlərin də məruzələri dinlənilib. 

 

Konfrans öz işini 8 bölmə üzrə iki gün davam etdirəcək.

 



16.12.2021 | 17:20