STEAM: hədəflərə doğru

Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in bağlanış mərasimi keçirilib. Qeyd edək ki, iki gün davam edən festivalın bağlanış mərasimində STEAM Azərbaycan ailəsinin üzvləri, Təhsil Nazirliyinin nümayəndələri və digər şəxslər iştirak edib. Mərasimdə həmçinin “STEAM Azərbaycan Festivalı 2021”in qalibləri mükafatlandırılıb.

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev festival iştirakçılarının hər birinə təbriklərini çatdırıb. Festivalın Azərbaycan təhsil tarixində mühüm əhəmiyyət kəsb etdiyini deyən təhsil naziri bizim hər birimizin bu festivalın qalibi olduğumuzu bildirib. Emin Əmrullayev onu da qeyd edib ki, STEAM bir neçə il bundan öncə bir arzu idisə, artıq bu, reallığa çevrilib.

 

Təhsil naziri diqqətə çatdırıb ki, STEAM artıq Azərbaycan məktəbinin əhəmiyyətli bir hissəsidir. Şagirdlərin çox böyük maraqla və motivasiya ilə layihələri bizə təqdim etməsi sevindirici haldır. Növbəti illərdə STEAM festivalının daha çox şagirdi əhatə edəcəyi, digər ölkələrdən olan şagirdlərin  də  festivala  qatılacaqları  ilə  bağlı  iştirakçılar  məlumatlandırılıb.

 

Onu da qeyd edək ki, festivala ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib. Münsiflər heyəti tərəfindən layihələr qiymətləndirilib, qaliblər müəyyən olunub.

 

Fürsətdən istifadə edib festifalda iştirak edən şagird və müəllimlərlə söhbətləşdik. Onların layihə və festivalla bağlı fikirlərini öyrəndik.

 

“Qaliblər arasında bizim də layihəmizin olması məni qürurlandırır”

 

189-90 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İbrahim Bakıxanov STEAM ailəsinin üzvü olmaqdan məmnunluq hissi duyduğunu bildirib. Layihə çərçivəsində bir çox bilik və bacarıqlara yiyələndiyini deyən İbrahib festivaldan da söz açıb: “Çox möhtəşəm bir festival keçirilir. Düşünürəm ki, bu festivalda iştirak etmək bizim gələcək karyeramıza da müsbət təsir göstərəcək. Qaliblər arasında bizim də layihəmizin olması məni həm sevindirir, həm də qürurlandırır. Qeyd edim ki, layihəmiz 3-cü yerə layiq görüldü. Növbəti illərdə nailliyyətlərimizi daha da artıracağımıza ümidvaram. Festival çox yüksək səviyyədə təşkil olunub. Belə festivalların hər il keçirilməsini arzu edirəm. Bizim üçün bu şəraiti yaratdığına görə Təhsil Nazirliyinə və bütün təşkilatçılara təşəkkürümü bildirirəm”.

 

“Festivalda digər şagirdlərin layihələri ilə də tanış olmaq fürsətimiz oldu”

 

Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin şagirdi Mikayıl Qasımzadə birinci yerə layiq görülən şagirdlərdəndir. O, yarışa  “Short movıe” layihəsi çərçivəsində qısametrajlı film hazırlayaraq qoşulduqlarını deyib: “Bizim layihənin məqsədi insanlara kitabların nə qədər əhəmiyyətli olduğunu təbliğ etmək, bu haqda maarifləndirmə işini görməkdir. Düşünürəm ki, STEAM layihəsi şagirdlərin potensiallarını ortaya qoyması, öz bacarıqlarını nümayiş etdirilməsi baxımından çox əhəmiyyətlidir.  Bu festifal həm də şagirdlərdə özgüvən yaradır. Bundan başqa festivalda digər şagirdlərin layihələri ilə də tanış olmaq fürsətimiz oldu. Bu, olduqca maraqlı idi. Biz layihələrlə tanış olarkən həm də aramızda yaxşı ünsiyyət yarandı. Festivalda özümüzə çoxlu dostlar tapdıq. Layihələrlə bağlı bir-birimizdən xeyli şeylər öyrəndik. Hesab edirəm ki, festivalda hamı qazanan tərəf oldu. Ona görə də bizə bu şəraiti yaradan Təhsil Nazirliyinə dərin təşəkkürümü bildirirəm”.

 

“Biz komanda işinin necə həyata keçirildiyini öyrəndik”

 

Festivala qoşulan şagirdlərdən biri də Barış Əzizovdur. O, Masallı rayonunun Banbaşı kənd tam orta məktəbinin şagirdidir. Barış “3D Cad” layihəsi üzrə ikinci yerə layiq görülən komandanın üzvü olduğunu deyib: “Layihəmizin məqsədi heyvanlara qayğı göstərməyin vacibliyini irəli sürmək idi. Layihəmizdə ayağı olmayan heyvanlara protezlər düzəltmişik. Biz düşünürük ki, heyvanlar da canlıdır, onlara yardım edək. Çox maraqlı layihəmiz olduğunu düşünürəm. Bu layihə bizə bir daha öyrətdi ki, heyvanları müdafiə etmək lazımdır.

 

Artıq bir neçə vaxtdır ki, STEAM layihəsinə qoşulmuşuq. Bu layihəyə qoşulmaqla biz komanda işinin necə həyata keçirildiyini öyrəndik. Eyni zamanda layihə bizi biliklərimizi artırmağa, daha çox araşdırma aparmağa sövq edir. Fikrimcə, bizə yaradılan şəraitdən maksimum istifadə etmək lazımdır. Festivalda iştirak etdiyim üçün çox şanslıyam”.

 

“Bu günün şagirdləri daha innovativ, yaradıcıdırlar”

 

Festivalın digər iştirakçısı, Bərdə rayon Şahvəllər kənd tam orta məktəbinin direktoru Həsrət Hümmətov da öz fikirlərini bizimlə bölüşüb. O, festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “STEAM-la bağlı festival ölkəmizdə ilk dəfədir ki, keçirilir. Artıq iki gündür ki, festivalda iştirak edirəm. Burada olduğum müddətdə maraqlı layihələrlə tanış oldum. Doğurdan da bu günün şagirdləri daha innovativ, daha yaradıcıdırlar. STEAM layihəsinin ölkəmizdə uğurla tətbiq olunduğunu düşünürəm. Bu layihə məktəblərimizə yeni nəfəs, yeni ruh gətirdi. Layihənin əhatə dairəsinin daha da genişlənəcəyinə ümid edirəm. Hesab edirəm ki, bu layihə çərçivəsində müasir təhsilin qarşıya qoyduğu əsas hədəflərə qarşı uğurla addımlayırıq”.

 

Niyazi RƏHİMOV

 



17.12.2021 | 09:10