"Narkomanlığa qarşı mübarizədə gənclərin rolu"

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Narkomanlığa qarşı mübarizədə gənclərin rolu" mövzusunda tələbələrlə görüş keçirilib.

 

ADPU və Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə reallaşan tədbirdə universitetin 50-dək tələbəsi iştirak edib.

 

Səbail RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev bildirib ki, son dövrlərdə narkomanlığın gəncləşməsi ciddi narahatlıq doğurur və bu bəlaya qarşı mübarizədə gənclərimizin dərin biliklərə malik olması, ayıq-sayıqlığı xüsusi rol oynayır.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov dövlətin narkomanlığa qarşı mübarizə sahəsində gördüyü işlərdən, bu sahədə dövlət-vətəndaş birgə fəaliyyətinin vacibliyindən söz açaraq komissiyanın işi ilə bağlı vacib məqamları qeyd edib.

 

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Seymur Quliyev narkomanlığın formaları, ona cəlbolunma üsulları, xüsusən son dövrlərdə sosial şəbəkələr vasitəsilə gənclərin aldadılaraq şirnikləndirilib narkomanlığa cəlb edilməsi hallarının artmasını vurğulayıb. Bildirib ki, bu bəladan qorunmaq üçün birgə fəaliyyət zəruridir. Xüsusən gənclər diqqətli olmalı, gələcəyimizi yetişdirəcək müəllimlərimiz övladlarımızın tərbiyəsində vətəndaş sayıqlığı nümayiş etdirməlidirlər.

 

Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu Təriqə Quliyeva narkomanlığın fəsadları haqqında geniş məlumat verərək, mübarizə sahəsində Bakı şəhəri ilə yanaşı, respublikanın  əsas regional mərkəzlərində narkoloji dispanserlərin fəaliyyət göstərdiyini və bu mərkəzlərdə təkcə müalicə prosedurları deyil, eyni zamanda konsultasiya, maarifləndirmə, məsləhət xidmətlərinin göstərildiyini diqqətə çatdırıb.

 

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev faydalı görüşə görə natiqlərə təşəkkür edib. Bildirib ki, vacib sosial tədbirlərin təşkili Pedaqoji Universitetin daim diqqət mərkəzindədir.

 

Görüş sualların cavablandırılması ilə davam edib.

 



21.12.2021 | 17:17