Təhsil nazirinin müavini Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib

22-23 dekabr 2021-ci il tarixlərində təhsil nazirinin müavini Muxtar Məmmədov Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibində Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib.


22 dekabr tarixində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.


Daha sonra nazir müavini Muxtar Məmmədov Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarovla birlikdə bu şəhərdə yerləşən Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması İnstitutunu ziyarət edib. Nazir müavini İnstitutda fəaliyyət göstərən Azərbaycan auditoriyası ilə tanış olub. İnstitutun direktoru Olqa Karşatova ilə keçirilən görüş zamanı Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 


Ziyarət çərçivəsində Həştərxan vilayətində fəaliyyət göstərən ali və orta-ixtisas təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı nazir müavini Muxtar Məmmədov çıxış edərək ali və orta ixtisas təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı öz fikirlərini bölüşüb, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verərək ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinin təşviq edildiyini vurğulayıb. Görüşdə nazir müavini Həştərxan vilayətinin ali təhsil müəssisələrini Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasına üzv olmağa dəvət edib.


23 dekabr tarixində nümayəndə heyəti Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib, məktəbdə yaradılan şəraitlə tanış olub. Məktəbin pedaqoji və şagird heyəti ilə keçirilən görüş zamanı Muxtar Məmmədov Heydər Əliyev Fondunun dəstəyi ilə 10 il öncə yenidən qurulan məktəbdə yaradılan şəraitdən məmnunluğunu ifadə edib, müəssisənin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Nazir müavini sözügedən məktəblə Azərbaycan Respublikasının ümumtəhsil müəssisələri arasında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd edib, Təhsil Nazirliyi adından məktəbin rəhbərliyinə kitabları hədiyyə edib. 


Daha sonra “Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamına uyğun olaraq, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və nazir müavini Muxtar Məmmədov tərəfindən məktəbin 4 müəlliminə “Tərəqqi” medalları təqdim olunub. Bundan əlavə, məktəbin yenidənqurmasının onilliyinə həsr olunmuş müsabiqənin qalibləri olan şagirdlər də Abdin Fərzəliyev və Muxtar Məmmədov tərəfindən təltif olunub.

 



23.12.2021 | 17:05