HƏMRƏYLİYİMİZ – ZƏFƏRİMİZİN TƏNTƏNƏSİ

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Artıq uzun illərdir, bayram ənənəsinə çevrilən 31 dekabr tarixi dünyanın müxtəlif coğrafiyalarında yaşayan azərbaycanlılar tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur, bir çox  platformalarda, ayrı-ayrı tədbirlərdə soydaşlarımızı bir araya gətirir.

 

Bu günün yaddaşlarda möhkəmlənən maraqlı bir tarixçəsi var. Ulu öndər Heydər Əliyevə məxsus olan dünya azərbaycanlılarının birləşməsi ideyası 1991-ci il dekabrın 16-da qanunla təsbitləndi. O zaman ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Ali Məclisdə qanunvericilik aktı qəbul olunduqdan sonra ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edildi. Bu müraciət nəzərə alındı, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edildi və elə o zamandan etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd etməyə başladı.

 

Bu günün təqvimləşməsi ona görə lazım idi ki, dünyadakı azərbaycanlıların təşkilatlanmasına, həmrəyliyinə ciddi ehtiyac yaranmışdı; Azərbaycan bir tərəfdən dövlət müstəqilliyinin mübarizəsini aparırdı, digər tərəfdən separatizm nəticəsində alovlanmaqda olan Qarabağ münaqişəsinin ağır nəticələrini yaşamaq məcburiyyətində qalırdı. Belə bir vaxtda dünyanın müxtəlif ölkələrində yaşayan, fəaliyyət göstərən milyonlarla soydaşımızın milli-mənəvi varlığını yaşadan yeganə dövlət- suveren Azərbaycanın  mənafeləri uğrunda ciddi səfərbərlik tələb olunurdu. Onların vəzifəsi Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi dəyərlərinə bağlı qalmaqdan,  Azərbaycanın haqq səsini xaricdəki müxtəlif  tribunalarda  səsləndirməkdən ibarət idi.

 

Həmrəylik gününün təsis olunması həqiqətən də xalqın birliyinə, gələcəyinə xidmət edən dövlət siyasəti kimi möhkəmləndi, ideoloji həmrəyliyə gətirib çıxardı. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadı. Çünki 31 dekabr sadəcə, bir təqvim tarixi kimi qalmadı, dünya azərbaycanlılarının həmrəyliyi siyasəti  2001-ci ildən etibarən institusional forma və məzmun aldı. Bakıda Dünya azərbaycanlılarının  I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.

 

2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) formalaşdı. Ardınca “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi. Bütün bunlar xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsinə xidmət edirdi. Nəticə etibarilə dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesi daha da gücləndi.

 

Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirdilər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın daha da möhkəmlənməsinə, xalqımızın möhtəşəm birliyinə töhfə verirdilər. Soyqırıma dair tədbirlərdə, əlamətdar günlərdə dünya azərbaycanlıları Qərbdə, Avropada aksiyalar təşkil edir, vacib şüarlar səsləndirir, əhəmiyyətli tədbirlər hazırlayırdılar. Bu həmrəylik Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edirdi.

 

Ulu öndər Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən effektiv şəkildə davam etdirilir. 2006-cı ildə Bakıda reallaşan Dünya azərbaycanlılarının  II qurultayı  xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Ortaya qoyulan müsbət nəticələr Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməyi şərtləndirirdi. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində  Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması barədə fərman imzaladı. Bundan başqa, 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi ki, bu da stimullaşdırıcı əhəmiyyətə malik idi.

 

Müsbət məqam həm də ondan ibarət idi ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları “Bir millət, iki dövlət” şüarı ilə öz fəaliyyətlərini birləşdirə bildilər. 2007-ci ildə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi və bu, Prezident İlham Əliyevin Türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşdü.

 

Dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycanı hər zaman güclü etdi. Qarabağ  Zəfərimizə möhkəm inam yaratdı.Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq səyləri birliyimizin, bütövlüyümüzün, Vətəni birlikdə sevməyimizin doğurduğu mübarizə, təəssübkeşlik hissi idi.  Bu müqəddəs hiss Qələbəmizə layiqli töhfə oldu.

 

Həmrəylik dünya azərbaycanlılarının nail olduğu ən böyük mənəvi qazancdır. Həmrəylik bizi dünyada güclü, möhkəm və bütöv edən möhtəşəm bir dəyərdir!!!

 

Həmrəylik günümüz mübarək olsun!

 

V.ALLAHVERDİYEVA   

 



31.12.2021 | 11:31