Alim həmmüəllifi olduğu ixtiraya görə patent alıb

Bakı Mühəndislik Universitetinin Avtomatika və elektroenergetika kafedrasının dosenti, texnika elmləri doktoru Elçin Qurbanovun həmmüəllifi olduğu ixtira patent alıb.

 

Universitetdən bildirilib ki, “Nanosaniyəli impuls tac qaz boşalmasını həyata keçirən cihaz” adlı ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin  Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən F 2021 0022 nömrəli patent verilib.

 

Patent səmərəli elektron emalı cihazının hazırlanması və yaradılmasına aiddir. Cihaz yüksək gərginlikli qurğuda, həmçinin müxtəlif məqsədlər üçün impuls qaz boşalmasının stabil həyacanlanmasını təmin edərək enerji-effektivli elektron emalı məqsədilə (zərərli sənaye müəssisələrinin qaz tullantılarının toksik birləşmələrdən təmizlənməsi, içməli və tullantı suların patogen mikroorqanizmlərdən zərərsizləşdirilməsi, qida məhsullarının elektron emalı və saxlanma müddətinin artırılması, əkin qabağı toxumların elektron emalı və məhsuldarlığının artırılması, yeni materialların alınması və s.) istifadə oluna bilər.

 

Müxtəlif plazma texnologiyalarında (yaşıl texnologiyalar) istifadəsi mümkün olan cihazın üstünlüyü onun enerji effektivliyindədir ki, bu da impuls qaz boşalmasının gecikmə vaxtının azalması, ionlaşma sahəsinin genişlənməsi, impulsların təkrarlanma tezliyinin artması və qaz boşalmasında generasiya edilən kimyəvi aktiv məhsulların kosentrasiyasının artması ilə təsdiq olunur.

 

Ümumilikdə patentin əsas məqsədi nanosaniyəli impuls elektrik qaz boşalmasında ionlaşma zonasının genişləndirilməsilə elektrodlararası məsafədə yaranan kimyəvi aktiv qaz boşalması məhsullarının generasiyasının artırılması, yüksək keçiriciliyə malik kanalların yaranmasının gecikmə vaxtının azaldılması, impulsların təkrarlanma tezliyi və sənaye müəssisələrinin zərərli qaz tullantılarının elektron emalının enerji səmərəliliyinin artırılmasını təmin edəcək cihazın işlənib hazırlanmasıdır.

 

İxtira barədə məlumat “Sənaye mülkiyyəti”nin 11 №-li bülletenində çap edilib (http://patent.copat.gov.az/_files/%C4%B0xtira%2011.2021.pdf).

 



07.01.2022 | 17:20