Azərbaycan Dillər Universitetində imtahanların gedişini izləmək üçün mediatur təşkil olunub

Azərbaycan  Dillər Universitetində  (ADU) 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə təhsil ekspertləri,  KİV nümayəndələri,  QHT təmsilçiləri və  tələbə valideynlərinin iştirakı ilə mediatur təşkil olunub.

 

Mediaturda millət vəkili Etibar Əliyev,  professor  Şahlar Əsgərov, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Moderator.az saytının baş direktoru  Zülfüqar Hüseynzadə, təhsil ekspertləri  Nadir İsrafilov, Kamran Əsədov, Zöhrab Süleyman və müxtəlif KİV təmsilçiləri iştirak ediblər. Onlar ADU-da təşkil olunan imtahanların gedişini izləyiblər.

 

Daha sonra qonaqlar rektor, akademik Kamal Abdulla ilə görüşüblər. Təşkil olunan mediaturun əhəmiyyətindən danışan rektor universitet həyatında önəmli yer tutan imtahan prosesi ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, ADU-da 20-dən artıq dil tədris olunur. Universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Ali məktəb öz beynəlxalq əlaqələrindən istifadə edərək xarici ölkələrin universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərini yaratmağa nail olub: “Məqsədimiz imkanlarımız daxilində Azərbaycanın dilini, mədəniyyətini təbliğ etmək, ölkəmizin tanıdılmasına töhfə verməkdir”.

 

K.Abdulla daha sonra bildirib ki, universitetdə 7 mindən çox tələbə təhsil alır, gün ərzində ali məktəbin korpuslarında, ümumilikdə 1500 tələbə imtahan verir.

 

Daha sonra KİV nümayəndələri imtahanların gedişi ilə bağlı fikirlərini bölüşüb, sual və təkliflərini veriblər.

 



07.01.2022 | 18:32