Fənn olimpiadaları üçün buraxılış vərəqələrinin verilməsinə başlanılır

Yanvarın 10-dan Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə bilərlər. Proses 15 yanvar saat 18:00-dək davam edəcək. 


IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Həmin şagirdlərin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçirildiyindən, onlar buraxılış vərəqlərini müvafiq qurumlardan və ya təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə biləcəklər. 


Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi 22 yanvar 2022-ci il tarixində keçiriləcək. 

 

 



10.01.2022 | 11:50