Tələbələr Fransada 5 aylıq təcrübə keçəcək

2021/2022-ci tədris ilinin yaz semestrində Azərbaycan-Fransız Universitetinin (UFAZ) 15 ikinci kurs magistr tələbəsi Fransanın Strasburq və Yuxarı Elzas universitetlərində təcrübə keçəcək, dissertasiya müdafiə edəcək.

 

Universitetdən bildirilib ki, tələbələr fransalı professorların rəhbərliyi altında hər iki universitetin müxtəlif laboratoriyalarında çalışacaqlar. Onlardan 11nəfərin təcrübəsi Məlumat Elmi və Süni İntellekt, 1 nəfərin Fiziki Kimya/Kimya Mühəndisliyi, 3 nəfərin təcrübəsi isə UFAZ-ın Geologiya Proqramları üzrədir. 

 

Xatırladaq ki, 2021-ci ilin payız semestrindən etibarən artıq 5 UFAZ tələbəsi Strasburq Universitetində magistraturanın ikinci kursunda oxuyur. Onlardan 2-si Kimyaformatik, 3-ü isə Fiziki və Analitik Kimya ixtisasları üzrə təhsil alır. 

 

Ümumilikdə, UFAZ-ın 20 tələbəsi magistratura pilləsini Fransada bitirəcək.

 

Qeyd edək ki, UFAZ tələbələri təcrübəni özləri tapırlar. Yüksək akademik göstəriciləri olan tələbələr Fransada təcrübə keçərkən təqaüdlə də təmin olunurlar.

 



12.01.2022 | 10:33