Sumqayıt Dövlət Universitetində “Açıq qapı” günü

Sumqayıt Dövlət Universitetinin (SDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2021–2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına dair “Açıq qapı” günü keçirilib.

 

SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov qış imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib. Bildirib ki, imtahanlar əyani formada keçirilir və fevralın 2-dək davam edəcək. Universitetdə keçirilən imtahan sessiyasının gedişində yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Apelyasiya komissiyası, eyni zamanda, imtahan sessiyasının gedişinə nəzarət və tələbələr arasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılaraq aradan qaldırılması məqsədilə İmtahan qərargahı yaradılıb.

 

Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçərək, hər gün 08:30-dan 17:30-dək fəaliyyət göstərir. Elmi kitabxanada elektron kitabxana tələbələrin ixtiyarına verilib.

 

Prorektor onu da diqqətə çatdırıb ki, sessiya dövründə universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil ediləcək. İmtahanlara şəxsən universitetin rektoru, professor Elxan Hüseynov özü nəzarət edir. Rektor sessiya müddətində tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir. Prorektor onu da vurğulayıb ki, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecində də imtahanlar eyni qaydada həyata keçirilir.

 

Sonra universitetin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıblar.

 



12.01.2022 | 15:06