SDU-da “Açıq qapı” günü

 Yanvarın 12-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair “Açıq qapı” günü keçirilib.

 

Əvvəlcə nümayəndə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verib. Bildirilib ki, imtahanlar Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq əyani formada keçirilir.

 

Prorektor qeyd edib ki, Sumqayıt Dövlət Universitetində payız imtahan sessiyasının 2022-ci ilin yanvarın 5-dən fevralın 2-dək keçirilməsi nəzərdə tutulub. Universitetdə keçirilən imtahan sessiyasının gedişində yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Apellyasiya komissiyası, eyni zamanda imtahan sessiyasının gedişinə nəzarət və tələbələr arasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılaraq aradan qaldırılması məqsədilə İmtahan qərargahı yaradılıb.

 

Qeyd edək ki, payız semestrinin imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə rektorluğun məsul şəxsləri - Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Qafar Atayev, Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov müvafiq fakültələr üzrə təhkim olunublar.

 

Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Elmi kitabxanada elektron kitabxana tələbələrin ixtiyarına verilib.

 

Prorektor onu da diqqətə çatdırıb ki, sessiya dövründə universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil ediləcək. İmtahanlara universitetin rektoru professor Elxan Hüseynov nəzarət edir. Rektor sessiya müddətində tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir. Qeyd olunub ki, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecində də imtahanlar eyni qaydada həyata keçirilir.

 

Sonra universitetin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə ediblər.

 



14.01.2022 | 13:36