ADPU-nun yubiley nəşrləri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibəti ilə ali təhsil müəssisəsinin alimləri, əməkdaşları, magistrantları, müvafiq strukturları tərəfindən 8 adda müxtəlif səpgili əsərlər hazırlanaraq nəfis tərtibatda yüksək tirajla nəşr edilib. O cümlədən, bir əsrlik tarixi irsin təbliği məqsədi ilə ADPU-nun müvafiq filial, fakültə və kafedralarında da bu strukturların tarixini və fəaliyyətini əks etdirən nəşrlər hazırlanıb.

 

Professor Fərrux Rüstəmovun müəllifi olduğu “Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi (1921-2021)” irihəcmli əsərin I cildində ADPU-nun təşəkkülü və inkişafının bir əsrlik tarixi zəngin elmi mənbələr və arxiv sənədləri əsasında şərh olunur. Azərbaycanda ziyalı təbəqəsinin və elmi-pedaqoji potensialın formalaşmasında, yüksəkixtisaslı müəllim kadrlarının hazırlanmasında universitetin müstəsna rolundan bəhs edilir. 

 

II cilddə hazırda universitetin müasir idarəetmə strukturu – rektorluq, prorektorluq, fakültələr, kafedralar, şöbələr və bölmələr, SABAH qrupları, filiallar, müstəqil fəaliyyət göstərən qurumlar və Azərbaycan Dövlət Pedaqoji Kolleci haqqında məlumatlar öz əksini tapıb.

 

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları” kitabının da  müəllifi professor Fərrux Rüstəmovdur. Əsərdə ADPU-nun bir əsrlik tarixi onu yaradan, inkişaf etdirən və sabaha aparan alimlərin simasında təqdim edilir.

 

Kitab tələbələr, müəllimlər və tədqiqatçılar üçün nəzərdə tutulub.

 

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabında isə professor Fərrux Rüstəmov təhsil ocağının təşkilində, inkişafında və idarə edilməsində mühüm xidmətləri olan 31 rektor (direktor), həmçinin Ali Pedaqoji İnstitutun nəzdindəki A.Şaiq “Nümunə məktəbi”nin müdiri Qafur Əfəndizadə, Ali Pedaqoji Qadın İnstitutunun ilk və son direktoru Sara xanım Xuramoviç haqqında oçerklər təqdim edib.

 

Kitab ali pedaqoji təhsil tədqiqatçıları, müəllimlər, metodistlər, təhsil təşkilatçıları, habelə təhsil tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.

 

Professor Asəf Zamanovun müəllifi olduğu “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 məşhur məzunu” kitabında ADPU-nun məşhur məzunları - AMEA-nın prezidentləri, vitse-prezidentləri, həqiqi  və müxbir üzvləri, dövlət xadimləri, generallar, əməkdar elm xadimləri, xalq şairləri, xalq yazıçıları və başqaları haqqında ensiklopedik məlumatlar verilir.

 

Kitab tədqiqatçılar, müəllimlər, elm və təhsil təşkilatçıları, həmçinin təhsil tarixi ilə maraqlananlar üçün dəyərli vəsaitdir.

 

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qəhrəmanları” ensiklopedik toplusunda Pedaqoji Universitetin yarandığı vaxtdan bu günə qədər yetişdirdiyi 160 mindən çox yüksəkixtisaslı məzunları, tələbələri, ali təhsil müəssisəsinə rəhbərlik edənlərin xüsusi bir qrupu ilə, - canlarını və qanlarını Vətən yolunda fəda edən qəhrəmanlarla tanışlıq imkanı əldə etmək mümkündür. Əsər ali təhsil müəssisələrində bu sahədə aparılan ilk sistematik tədqiqatdır. Kitabın müəllifi Taleh Mirzəyevdir.

 

Müəllifin “Azərbaycan Dövlət Pedaqoji Universiteti. 100 ilin şahidləri” fotoalbomunda isə universitetin keçdiyi bir əsrlik zəngin elmi-pedaqoji yol arxiv materialları əsasında fotoların dili ilə xronoloji ardıcıllıqla təqdim olunur.

 

ADPU-nun Pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə I kurs magistrantı Asim İbrahimovun  tərtib etdiyi  “Azərbaycan Dövlət Pedaqoji Universiteti. 100 il 100 fakt” albom-kitabda universitetin bir əsrlik zəngin tarixi ən maraqlı 100 fakt işığında qısaca göz önündə canlanır.

 



15.01.2022 | 10:35