“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görüş təşkil olunub.

 

Öncə BMU-nun rektoru, professor Havar Məmmədov Agentliyin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Rektor “Gələcək üçün bacarıqlar” layihəsinin tələbələrin ideyalarını inkişaf etdirmək, eyni zamanda, onlara dəstək göstərilməsi baxımından maraqlı və faydalı olduğunu bildirib. H.Məmmədov BMU-nun təşkilatçılığı ilə davamlı olaraq keçirilən innovativ sahibkarlığın inkişafını təşviq edən və dəstəkləyən “Yeni Fikir” startap müsabiqəsinə toxunub.  BMU Texnoparkı haqqında da məlumat verən rektor universitetdə startapların dəstəklənməsi istiqamətində həyata keçirilən layihələri diqqətə çatdırıb. 

 

C.Salmanov isə çıxışında öncə təmsil etdiyi qurumun strukturu barədə danışıb. Qeyd edib ki, elektron hökumət, innovasiyalar və startapların kurasiyasını müəyyənləşdirən Agentlik ASAN Xidmət mərkəzləri, ASAN Kommunal mərkəzləri,  İnnovasiyalar Mərkəzi, ABAD, Elektron Hökumətin İnkişafı Mərkəzindən ibarətdir. O, Agentliyin fəaliyyəti, innovasiya ekosisteminin yaradılması və onun əsas komponentlərinin formalaşdırılması istiqamətində görülən işləri vurğulayıb. Universitet tələbələri və müəllimlərinin startaplara cəlb edilməsinin vacibliyini önə çəkən qurum rəsmisi bu sahənin təşviqi ilə bağlı tələbələr arasında mütəmadi olaraq təqdimatların keçiriləcəyini və startaplar üzrə təlimlər təşkil ediləcəyini bildirib.

 

Sonra nümayəndə heyəti ilə BMU-nun aidiyyəti strukur rəhbərləri arasında görüş olub. Tərəflər layihə çərçivəsində həyata keçiriləcək işlərlə bağlı əməkdaşlıq perspektivlərini ətraflı müzakirə ediblər. Agentliyin əməkdaşı, həmçinin layihə rəhbəri Şəbnəm Məmmədova inkubator işinin təşkili istiqamətində görüləcək məsələlərlə bağlı təqdimatla çıxış edib.

 

Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

 



19.01.2022 | 13:48