“20 Yanvar xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübut olunduğu tarixdir”

Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə  sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terror haqqında danışıb.

 

Vurğulanıb ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza  qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

 

ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Qorxmaz Mustafayev 20 Yanvar faciəsini tarixi aspektdən təhlil edib: “1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub. 

 

Şəhid Ülvi Bünyadzadənin  bacısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə hər il anım günü ilə bağlı Azərbaycan Dillər Universitetində olduğunu söyləyib. Xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızların xatirəsinin daim uca tutulduğunu bildirib.

 

Tədbirin sonunda filologiya fakültəsinin tələbəsi Rəna Şabanzadə bədii kompozisiya ilə çıxış edib.

 



19.01.2022 | 18:22