20 Yanvar faciəsinə həsr olunmuş şahmat turniri

”Təhsil” Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

 

Turnirin  bağlanış mərasimi Şəhidlər xiyabanının ziyarət edilməsi ilə başlayıb. Sonra idman məktəbində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

İdman məktəbinin direktoru Natiq Ələkbərov 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini qeyd edib. Bildirib ki, yanvarın 19-dan 20-nə keçən  gecə günahsız insanlar amansızcasına qətlə yetirildi:”Xalqımıza böyük zərbə vuruldu. Lakin xalq əyilmədi, azğınlaşmış sovet qoşunlarının qarşısında  mübarizliyini, qəhrəmanlığını bir daha nümayiş etdirdi”.

 

N.Ələkbərov ümummilli lider Heydər Əliyevin bu faciənin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən də söhbət açıb. Vurğulanıb ki, məhz  Ulu Öndərin  təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi.

 

Qeyd olunub ki, Azərbaycan xalqına qarşı həyata keçirilən, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq 20 Yanvar heç vaxt yaddaşlardan silinməyəcək.

 

Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, rəsmi Moskva 20 Yanvar qırğını ilə Azərbaycan xalqının iradəsini qırmaq, azadlıqsevərliyinə görə ona cəza vermək niyyətində olsa da, bunu bacara bilmədi.

 

Rəşad ZİYADOV

 



20.01.2022 | 17:55