“Universitetdə aparılan islahatların əsas hədəfi tədris olunan fənlərin sayının azaldılmasına yönəlib”

Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə keçirilən qış imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub. Mediaturda AzTU-nun İctimai Şurasının üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak ediblər.

 

Qeyd olunub ki, AzTU-da təşkil olunan qış imtahan sessiyası şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə keçirilir. Şifahi imtahanların keçirilməsi üçün müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunan 75 imtahan otağı ayrılıb. Test  imtahanları isə kompüter zallarında təşkil edilib.

 

O da bildirilib ki, imtahan sessiyası başlayandan bu günə kimi 5 magistrant və 2 bakalavr koronavirusa yoluxub,  sessiya bitdikdən sonra onlar üçün xüsusi imtahan günləri təyin olunacaq.

 

Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin suallarını cavablandırıb. Rektor bildirib ki, universitetdə aparılan islahatların əsas hədəfi tədris olunan fənlərin sayının azaldılmasına yönəlib. Hazırda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mühüm işlərin həyata keçirildiyini deyən rektor növbəti tədris ilində universitetin müasir kitabxanasının istifadəyə verilməsinin nəzərdə tutulduğunu jurnalistlərin diqqətinə çatdırıb.

 



25.01.2022 | 17:44