Təhsil tələbə krediti alanlar

“Pandemiya hər bir ailə kimi bizə də təsir etdi. Ona görə bu semestr təhsilimi davam etdirə bilmək üçün kredit götürdük və 1300 manat universitetin hesabına köçürüldü. Təhsil haqqının illik məbləği 2600 AZN-dir. 1300 manatı qaldı. Onu da növbəti semestr özümüz ödəməyə çalışacağıq”.  Bunları deyən Əli Həsənli 2021-ci ilin noyabrında Təhsil Tələbə Krediti üçün müraciət edən yüzlərlə tələbədən sadəcə biridir.  UNEC-də maliyyə və mühasibat fakültəsinin tələbəsidir. Maliyyə ixtisasına yiyələnən Əli Həsənli üçün kredit ona verilən böyük bir imkandır və o, bu imkanı uğurla dəyərləndirib.

 

Artıq 686 nəfərə kredit verilib

 

Ötən il noyabrın 25-dən ölkəmizdə ilk dəfə təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.Həmin vaxtdan keçən iki ay müddətində banka rəsmiləşmə üçün göndərilmiş müraciət sayı 2000-i ötüb. Yanvarın 26-na olan məlumata görə, onlardan 686 nəfərə kredit verilib.  Hazırda 1356 müraciət icradadır.

 

Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, prosesin gedişi hədəfə yaxınlaşdığımızı göstərir: “Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsidir. Təhsildə bərabər imkanlar yaratmağa və təhsilin əhatə dairəsinin genişləndirilməsinə çalışırıq. Müşahidələrimizə görə, buna nail oluruq. Əlimizdə olan məlumata görə, 264 nəfərə sosial, 422 nəfərə standart kredit verilib. Bu da 686 tələbənin təhsil haqqı probleminin çözülməsi deməkdir”.

 

Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edir və onlara kreditlər güzəştli şərtlərlə verilir.

 

B.Əzimovun sözlərinə görə, tələbə təhsil kreditinin ən böyük üstünlüklərindən biri də uzunmüddətə - 15-22 ilə verilməsidir: “Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır, qaytarılması tələb olunmur. İstər faizlərin hesablanmasında, istərsə də kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır”.

 

“İndi daha yaxşı öyrənməyə çalışıram”

Dövlətin yaratdığı bu fürsəti inamla dəyərləndirən gəncləri onun daha çox “Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır” cümləsi ilə ifadə olunan şərti həvəsləndirir. Bu, gənclərə dövlətin güvəndiyinin göstəricisidi. Elşadı bu, çox həvəsləndirib. Ən çox da atasının çiyinlərindən özünün yükünün bir qismini ala bilməsinə sevinir.

 

Beləliklə, Elşad Liftizadə təhsili öz hesabına alacaq, indi aldığı təhsilin haqqını məzun olub işə başladıqdan sonra qaytaracaq 686 tələbədən biridir. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə təhsil alır. Hazırda III kursda oxuyur. Deyir, ödənişli əsaslarla təhsil almaq çətindi: “Təhsil haqqı yüksəkdi və atamın onu ödəmək üçün əziyyət çəkdiyini görürəm. Düzdü, ustalıqla çətin də olsa, birinci il bunun öhdəsindən gəldi. Ancaq bu, növbəti illərdə çətin olacaqdı. Ona görə də birinci kursda ovqatım çox aşağı idi, oxumaq istəmirdim.  Ötən il pandemiya ilə əlaqədar sosial təminatı aşağı olan ailələrin övladlarının təhsil haqqını dövlət ödədi. Həmin ailələrdən biri də mənimkiydi. Bu il də dövlətimiz, dövlətin ayırdığı təhsil krediti dadımıza yetişdi. Bu semestrin pulu - 1100 AZN təhsil haqqı universitetin hesabına köçürüldü. Düşünürəm ki, növbəti semestr də tələbə kreditindən istifadə edəcəyəm. Artıq atamın mənim üçün təhsil haqqı ödəməyini istəmirəm”.

 

Atasının həm təhsil haqqı ödəyib, həm Bakıda onun yaşayış xərclərini çəkməsindən mənəvi narahatlıq hiss edən gənc Elşad Liftizadə üçün kredit imkanı təhsil haqqını özünün ödəməsi üçün ona verilən şans olub: “Bilirəm ki, təhsilimin haqqını valideynim yox, özüm ödəyəcəyəm. Bu öhdəliyi valideynimin üzərindən götürə bilməyim məni daha da həvəsləndirdi. İndi daha yaxşı öyrənməyə çalışıram ki, daha yaxşı kadr olum və borcumu asanlıqla ödəyim”.

 

Elşad deyir valideynləri ay ərzində onun digər xərclərinə 300 manat pul ayırır. O, bu yükü də ailəsinin üzərindən götürmək istərdi: “İkinci kursda pandemiya səbəbindən təhsil haqqımı dövlət ödəyəndən sonra oxumağa həvəsim artdı. Nəticədə, akademik göstəricilərim yüksəldi. Düzdür, bir neçə balım çatmadığı üçün tamamilə faizsiz kredit götürmək imkanım olmadı. Ancaq bütün hallarda təhsil haqqımı özüm ödəyə biləcəyim üçün xoşbəxtəm və ixtisasımla bağlı hər şey mənə maraqlıdır”.

 

Əminliklə, bundan sonra öz hesabına oxumaq istəyir, dövlətin ona təklif etdiyi kreditlə. Çünki xəyallarında məzun olduqdan sonrakı həyatı çox parlaqdı: “Məzun olan kimi Cəlilabada qayıdacağam. Əvvəlcə hərbi xidmətə gedib vətənə olan borcumu ödəyəcəyəm. Sonra rayonda iş tapacaq, təhsilim üçün götürdüyüm krediti bağlayacağam. İş qurmaq, biznesimi inkişaf etdirmək üçün öz üzərimdə işləməyə başlamışam. İxtisasım idarəetmədir, ixtisasım üzrə daha çox və vacib bilik və bacarıqlara yiyələnmək üçün əlimdən gələni edirəm. Hesab edirəm ki, indi qatıldığım kurslar, təlimlər gələcəkdə öz biznesimi qurub xərcimi-borcumu düzgün idarə etməyimə kömək edəcək”.

 

Ruhiyyə DAŞSALAHLI

 



28.01.2022 | 09:48