SABAH magistraturası

Fərqli mühit, fərqli münasibət, fərqli tədris... Bu, SABAH qruplarına xas özəlliklərdir. Savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılan SABAH qruplarını  Azərbaycanın təhsil tarixində son illərin ən uğurlu layihələrindən biri kimi dəyərləndirmək olar. 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılan SABAH qrupları peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açmaqdadır. İldən- ilə həm bu qrupların  daha çox ali təhsil müəssisələrini əhatə etməsi, ixtisasların sayının artması, həm də tələbələrin həmin qruplarda təhsil almalarına böyük maraq göstərməsi nəticə etibari ilə Azərbaycanın ali təhsilinin  keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

 

Bəli, SABAH qruplarının yaradılması ideyasının əsasında bir tərəfdən, ali təhsilin keyfiyyətinin yüksəldilməsi qarşıya məqsəd kimi qoyulursa, digər önəmli məsələlərdən biri də ölkəmizə lazım olan yüksək ixtisaslı mütəxəssislərin xaricdə deyil, məhz ölkəmizin ali məktəblərində hazırlanması durur.

 

Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı ali məktəbləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə, tələbə mübadilələrinin genişləndirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq Savadlı, Bacarıqlı və Hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir. Elə SABAH abreviaturasının açılışı da  savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. Bu qruplar məhz sadaladığımız keyfiyyətlərə malik gənclərdən formalaşdırılır. Və SABAH qruplarının bakalavr səviyyəsini bitirən  neçə-neçə istedadlı,  bacarıqlı məzunlarımızın xoş sorağı  bu gün istər ölkəmiz, istərsə də onun hüdudlarından çox-çox uzaqlardan gəlməkdədir. Yola saldığımız 2021-ci il isə  SABAHın tarixində bu dəfə magistratura səviyyəsində ilk tələbə qəbulunun keçirilməsi ilə yadda qaldı.

 

İlk 364 magistrant

 

2021-2022-ci tədris ilində SABAH qruplarına 29 ixtisas üzrə  bakalavr səviyyəsinə 724 tələbə qəbul olunub. SABAHın ən yaddaqalan yeniliyi isə qeyd olunduğu kimi, 2021-ci ildə ilk dəfə olaraq magistratura səviyyəsində tələbə qəbulunun keçirilməsidir ki, artıq 364 gənc  SABAH magistri  adını qazanıb.

 

Bəli, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH magistraturası  artıq öz bilik və istedadına, bacarığına güvənən hər bir Azərbaycan gəncinə  xaricə getmədən, beynəlxalq standartlara uyğun, keyfiyyətli ali təhsil imkanları yaratmaqdadır.

 

Onu da qeyd edək ki, yeni magistr proqramlarının təsis edilməsi ilə bağlı  Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilib və 7 ixtisas sahəsi üzrə magistr ixtisaslaşmaları aparılır.

 

Elə həmsöhbətimiz  olan Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva da SABAHın magistratura səviyyəsinə qəbulun  gənclərimizə geniş imkanlar yaratdığını söyləyir. Onu da bildirir ki, öz fəaliyyətində elmi-nəzəri, eyni zamanda praktiki məsələləri hər zaman diqqətdə saxlayan Təhsil İnstitutu bir çox mühüm layihələr  icra edir: “Ali təhsil müəssisələrimizdə SABAH qruplarının magistraturasında açılan ixtisaslar yenidir.  Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində  “Təlim və tədrisin təşkili”, Azərbaycan Texniki Universitetində “Nəqliyyat və logistika”, Bakı Dövlət Universitetində “Kompüter elmləri və texnologiyaları”, Azərbaycan Dövlət İqtisad Universitetində  “Elektron kommersiya”, Bakı Mühəndislik Universitetində “Kibertəhlükəsizlik”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Süni intellekt”, Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dayanıqlı şəhərsalma və region planlaşdırılması” müasir dövrün tələblərinə cavab verən ixtisaslardır”.

 

Ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH magistratura” proqramından söz açan Səbinə Babayeva onun icrasına 2021-ci ilin yanvarından başlanıldığını bildirir: “Bilirsiniz ki, Təhsil İnstitutu ali təhsil müəssisələrinin proqram çərçivəsində elan etdiyi qrant müsabiqələrinə qatılıb  və üç müsabiqənin qalibidir. Bunlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim və tədrisin təşkili”, Azərbaycan Texniki Universitetinin “Nəqliyyat və logistika”, Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşmasıdır. Və Təhsil İnstitutu  adları qeyd olunan hər 3 universitetdə  həyata keçirilən “SABAH magistratura” proqramının məzmununun hazırlanmasına, tələbələrin dərsdənkənar fəaliyyətlərinin təşkilinə və digər işlərin həyata keçirilməsinə  məsuldur. İnstitutumuz  tərəfindən adları qeyd  olunan ali təhsil müəssisələrində yerli əmək bazarının tələbləri, həmçinin beynəlxalq təcrübələr araşdırılaraq təhsil proqramları hazırlanıb. Həmin ali məktəblərdə  payız və yaz semestrlərində tədris aparan müəllimlər seçilib, sənaye nümayəndələri üçün “Ali məktəb pedaqoqu” adlı  təlimlər, həmçinin tələbə və müəllimlərə  oriyentasiya tədbirləri təşkil olunub”. 

 

S.Babayevanın sözlərinə görə, tələbələrin dərsdənkənar fəaliyyətləri üzrə silsilə tədbirlərin-təlim və vebinarların təşkili də  diqqətdə saxlanılan məsələlərdəndir. Eyni zamanda, həmin təhsil müəssisələrində  maddi-texniki bazanın qurulması, tədris resurslarının hazırlanması ilə bağlı bir sıra işlər görülür.  Universitet-sənaye əməkdaşlığını genişləndirmək, tələbələrin istehsalat təcrübəsinin təşkili məqsədilə nüfuzlu şirkət və qurumların işəgötürənləri ilə danışıqlar aparılır.

 

XXI əsrin və əmək bazarının tələblərinə uyğun

 

SABAHın, ümumiyyətlə, savadlı, bacarıqlı, hazırlıqlı mütəxəssislərin yetişdirilməsini hədəfləyən bir layihə olduğunu söyləyən şöbə müdiri  eyniadlı magistraturanın da açılmasının XXI əsrin və əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanmasında önəmli rolunun olacağını xüsusi qeyd edir: “Yüksək səviyyədə ixtisaslaşacaq magistr gənclərimizin  müasir dövrün tələblərinə cavab verməklə yanaşı, onlarda tədqiqatçılıq qabiliyyətinin formalaşması, xarici dildə ünsiyyət bacarıqlarının ən yüksək səviyyədə olması  gözləntilərimiz sırasındadır. SABAH magistratura qrupları olan ixtisaslaşmalarda sənaye ilə əməkdaşlıq çərçivəsində yeni təhsil məzmunu hazırlanıb  ki, məhz həmin  məzmun da  daha çevik, əmək bazarının tələblərinə uyğun dizayn edilib”.

 

Müəllim seçimlərinə xüsusi yanaşma

 

Həmçinin  hər bir ixtisaslaşma üzrə müəllim seçimlərinə xüsusi yanaşma tətbiq olunub, ali təhsil müəssisələrinin akademik heyəti ilə yanaşı, əmək bazarının təmsilçiləri, sahə üzrə yüksək ixtisaslı, beynəlxalq təcrübəsi olan mütəxəssislər tədris prosesinə cəlb ediliblər. Tələbələrin ingilis dili biliklərinin daha da artırılması üçün Britaniya Şurası tərəfindən ARDNŞ-in maliyyə dəstəyi ilə fakültativ məşğələlər keçirilir.

 

Ali təhsilin növbəti səviyyəsində təhsil almaq üçün heç bir xarici ölkəyə getmədən...

 

Ölkəmizin Vətən müharibəsindəki  tarixi qələbəsi - torpaqlarımızın işğaldan azad edilməsi gələcək uğurlarımızın başlanğıcıdır. İndi dünyanın əksər inkişaf etmiş ölkələri Azərbaycanla qarşılıqlı etimada əsaslanan əməkdaşlığa can atır. Bu, bir daha onu göstərir ki, Azərbaycan həqiqətən də etibarlı, ciddi və böyük nailiyyətlərə imza atan tərəfdaş ölkədir. Artıq  sürətlə dəyişən dünyamızda uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini görürük. Və bizim ölkəmizin gələcəyini təmsil edən yüksək savada  malik, bacarıqlı və hazırlıqlı gənclərimizə daha çox ehtiyacımız var. Əminik ki, bu ehtiyacları ödəmək iqtidarında olan, dünya təhsilinin imkanlarını yaradan, beynəlxalq standartlara uyğun SABAH magistraturası neçə-neçə zəkalı, istedadlı, bacarıqlı gənclərimizi  bizlərə bəxş edəcək. Özü də ali təhsilin növbəti səviyyəsində təhsil almaq üçün heç bir xarici ölkəyə getmədən... Öz ölkəmizdə!

 

Samirə KƏRİMOVA

 



28.01.2022 | 11:31