BMU ilə Malayziyanın MARA Texnologiya Universiteti əməkdaşlıq edəcək

Bakı Mühəndislik Universiteti (BMU) ilə Malayziyanın ən böyük ali təhsil müəssisələrindən olan MARA Texnologiya Universiteti (UiTM) arasında onlayn görüş keçirilib.

 

Görüşün təşkilində əsas məqsəd müəllim-tələbə mübadiləsi, həmçinin mühəndislik yönümlü ixtisaslar əsasında ikili diplom proqramının hazırlanması olub.

 

Müzakirələrdə BMU-nun və UiTM-nin rəhbər şəxsləri, aidiyyəti şöbə, eləcə də kafedra müdirləri, dekanlar iştirak ediblər.

 

Tərəflər iki universitet arasında gələcək əməkdaşlıq perspektivlərini ətraflı müzakirə ediblər. Bununla yanaşı, yaxın zamanda daha sıx əməkdaşlığın başlanması üçün müvafiq işlərin görülməsinə dəstək verilməsi, müvafiq addımların atılması razılaşdırılıb.

 

Qeyd edək ki, UiTM 1956-cı ildə institut kimi fəaliyyətə başlayıb. Hazırda təqribən 172 min tələbəsi olan UiTM təkcə Malayziyada deyil, Cənub-Şərqi Asiyada qabaqcıl ali təhsil müəssisəsidir. Çoxsaylı əcnəbi tələbələrin də təhsil aldığı universitet tətbiqi elmlər, memarlıq, mühəndislik, kompüter və riyazi elmlər, tibb, farmakologiya, kənd təsərrüfatı və aqrotexnologiya üzrə yüksəkixtisaslı kadrlar yetişdirir.

 



28.01.2022 | 14:21