Universitetdə elektron arxiv məlumat sistemi yaradılıb

Naxçıvan Dövlət Universiteti (NDU) daha bir ilkə imza atıb. Ali məktəbdə Azərbaycan təhsil məkanında ilk dəfə olaraq elektron arxiv məlumat sistemi yaradılıb.

 

Bu münasibətlə keçirilən təqdimat mərasimində NDU-nun rektoru Elbrus İsayev qeyd edib ki,  son illərdə universitetdə elektronlaşma böyük miqyasda həyata keçirilib; elektron kitabxana, elektron təhsil, elektron sənəd dövriyyəsi yaradılıb, bu da ümumi inkişafa müsbət təsir göstərib.

 

Sonra İnformasiya - kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli adıçəkilən sistem haqqında məlumat verib. Qeyd olunub ki, elektron arxiv sistemi, ümumilikdə “Ana səhifə”, “Fondlar”, “Siyahı”, “Sərlövhələr” və “Axtarış” adlı 5 bölmədən ibarətdir. Bildirilib ki,  “Ana səhifə” bölməsində mühafizəxanalar, “Fondlar” bölməsində əlavə edilmiş fondların adı,  ilk və son tarixi, aid olduğu mühafizəxana, “Siyahılar” bölməsində siyahının adı, saxlama vahidlərinin ilk və son tarixi, sayı, saxlama vahidlərinin stellaj nömrəsi və aid olduğu fond, “Sərlövhələr” bölməsində saxlama vahidinin nömrəsi, sərlövhəsi, ilk və son tarixi, vərəqlərin miqdarı və aid olduğu siyahı yerləşir. “Axtarış” bölməsində isə axtarış parametrlərini dolduraraq uyğun nəticələr çıxarılır.

 

Sonda Kadr və ümumi işlər şöbəsinin əməkdaşı Xədicə Məmmədova qeyd edib ki, elektron arxiv yalnız məlumatların qorunub saxlanması üçün deyil, eyni zamanda çox sıx müraciət olunan informasiya məlumat bazasını özündə əks etdirir. Bildirilib ki, universitetin arxivində 2010-cu ildən 2021-ci ilə qədər sənədlər qorunub mühafizə olunur. Vurğulanıb ki, rəqəmsal məlumatların idarə olunması, uzun müddət qorunması və saxlanması, istifadəsi və paylaşımı üçün universitet qabaqlayıcı tədbirlər görüb. Bu səbəbdən də elektron arxivin universitet səviyyəsində istifadəsi və əhəmiyyəti artıb.

 

Məlumat üçün onu da bildirək ki, universitetin arxivi 1967-ci ildən fəaliyyət göstərir. Arxivin əsas məqsədi universitetin təlim - tədris işləri sahəsində fəaliyyətini əks etdirən sənədləri vaxtında təhvil alıb, onların xronoloji qaydada sistemləşdirilməsini və qorunmasını təmin etməkdən ibarətdir.

 



31.01.2022 | 13:38