Üçüncü dəfə “İlin ən yaxşı TGT-si” seçilən Tələbə Gənclər Təşkilatı

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının “I Strateji Planlaşdırma Forumu” keçirilib. Forumun keçirilməsində əsas məqsəd ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.

 

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Şahin İsmayılov və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin iştirakı ilə “Qarşıya qoyulmalı hədəflər və bizlərdən gözləntilər” mövzusunda tələbələrlə panel görüş təşkil olunub. Rəsmi hissə TGT-lərin, TGT sədrlərinin və aktiv üzvlərin mükafatlandırılması ilə yekunlaşıb.

 

2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) “İlin ən yaxşı TGT-si” adına layiq görülüb. Eyni zamanda ADPU TGT-nin ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Gülnar Xanəliyeva “İlin TGT nümayəndəsi” adı və daha 20 nəfər idarə heyəti üzvü isə Fəxri Fərmanla təltif olunublar.

 

Qeyd edək ki, ADPU TGT üçüncü dəfə “İlin ən yaxşı TGT-si” seçilib.  

 

 



02.02.2022 | 12:15