İnformasiya texnologiyaları üzrə BootCamp layihəsinə start verilib

Naxçıvan Dövlət Universitetində informasiya texnologiyaları üzrə BootCamp layihəsinə  start verilib.

 

Layihənin təşkilatçıları universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli, Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov layihə haqda çıxış edərək iştirakçıları məlumatlandırıb.

 

YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, muxtar respublikanın Həmkarlar İttifaqları Şurasının sədri, Naxçıvan Ali Məclisinin deputatı Anar İbrahimov bu cür təlimlərin əhəmiyyətindən danışaraq müasir dövrdə vacib olan İKT bacarıqlarının qiymətləndirilməsi, bu sahədə süni intellekt texnologiyalarının geniş istifadə olunduğunu diqqətə çatdırıb.

 

Universitetin rektoru Elbrus İsayev gənclərin bu layihəsi əsasında həyata keçirilən 3 mobil tətbiqdən bəhs edib. Bildirilib ki, mobil tətbiqlər tələbələrin İKT sahəsində təcrübəsini artırmaqla yanaşı, onların məlumatlara əlçatanlığını da təmin edir. Texnologiyalar Parkı layihəsinin həyata keçirilməsində informasiya texnologiyalarının vacibliyini qeyd edən rektor bu sahədə yeni bilik və bacarıqların əldə olunmasının effektiv təsirini xüsusi vurğulayıb.

 

Tədbirə onlayn qatılan İKT Lab Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov qeyd edib ki, mərkəzin əsas missiyası sürətlə dəyişən texnologiyalar dövründə İnformasiya-Kommunikasiya Texnologiyalarından səmərəli istifadəni insanlara öyrətmək, bütün fəaliyyət sahələrində texnologiyaların geniş tətbiqinə nail olmaqdır. Mərkəzin direktoru rəqəmsal bacarıqlar və ofis proqramları, data analitika, şəbəkə və sistem inzibatçılığı, kiber təhlükəsizlik, qrafik dizayn və digər təlim metodlarından danışıb.

 

Qeyd edək ki, layihə çərçivəsində proqramlaşdırma təlimləri, əşyaların interneti, startap və ekosistemlərin tətbiqində İKT və bulud texnologiyaları kimi mövzular barədə təlimlər həyata keçiriləcək. Müsabiqə və müsahibə mərhələsindən uğurla keçmiş 50 iştirakçının qatıldığı layihənin sonunda gənclər sertifikat əldə edəcək. Ən yaxşı proqram təminatçısı seçilən 2 nəfər iştirakçı isə mükafatlandırılacaq.

 



03.02.2022 | 13:30