Türkiyə Peşə Təhsili Baş İdarəsi ilə təhsil proqramlarının hazırlanmasına dair görüş keçirilib

Ötən həftə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində Türkiyə Peşə Təhsili Baş İdarəsi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında növbəti onlayn görüş keçirilib.

 

Agentlikdən bildirilib ki, görüş çərçivəsində imzalanmış protokola uyğun olaraq 4 ixtisas üzrə təhsil proqramları və planlarının hazırlanması müzakirə edilib. Birgə əməkdaşlıq çərçivəsində mebel sənayesi, turizm və ictimai iaşə, həmçinin İKT sahəsini əhatə edən 4 ixtisas üzrə tədrisin təşkili nəzərdə tutulur. Bundan əlavə Türkiyə təcrübəsinə əsaslanan təhsil planlarının yerli şəraitə uyğunlaşdırılması üzrə işlərə başlanılıb. Protokol çərçivəsində hazırlanacaq 4 ixtisas üzrə təhsil proqramlarının Bakı və Qəbələ şəhərində yerləşən peşə təhsil müəssisələrində tətbiqi gözlənilir.

 

Bu istiqamətdə davamlı olaraq keçirilən görüşün məqsədi 19 fevral 2021-ci il tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində işlərin müzakirəsi olub. Qeyd edək ki, sözügedən protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.

 

 



08.02.2022 | 14:21