"Teknofest-2022" festivalında qeydiyyat və iştiraka dair məsələlər müzakirə edilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) Azərbaycanda keçiriləcək "Teknofest-2022" festivalında qeydiyyat və iştiraka dair məsələlər müzakirə edilib. UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, Türkiyə brendi olan “Teknofest” (“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı) bu il 26-29 mayda Azərbaycanda baş tutacaq. O, festivalın Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsini iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü kimi qeyd edib, bütün dünyanın diqqət mərkəzində olacaq festivala hazırlaşdıqlarını deyib. 

 

Daha sonra təqdim olunacaq məhsullarla bağlı müzakirələr aparılıb. Məhsullar sırasında 4-cü kurs tələbələrinin müəllifi olduğu günəş enerjisi ilə çalışacaq hibrid avtomobil, minaaxtaran robotlar, ağıllı parkinqlər, tullantılardan istifadə və s-nin adları qeyd edilib. Müzakirələr zamanı rektor startaplarda işğaldan azad olunan torpaqların dirçəldilməsi istiqamətində tətbiq edilə biləcək “ağıllı” ideyalara üstünlük verilməsinin vacibliyinə diqqət çəkib. 

 

Bildirilib ki, “Baku Skills” yarışması haqqında tələbələrin ətraflı məlumatlandırılması üçün onlayn infosessiya təşkil olunacaq.

 

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” festivalına tələbələr "Baku Skills" yarışması "B" kateqoriyası üzrə qatılacaqlar. Yarışmaya qeydiyyat üçün son tarix 17 fevral 2022-ci ildir. Müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə STEAM Azərbaycan layihəsi tərəfindən təşkil olunur. 

 

 



09.02.2022 | 16:23