Təhsilə ictimai baxış

Təhsil sahəsində ən mühüm qərarlar yalnız ciddi təhlil və müzakirələrdən sonra tətbiqi əhəmiyyət qazanır. Son dövrlər təhsil sahəsində baş verənlər də bu strateji sahəyə fokuslanmağımızı və ciddi qərarların qəbulunu şərtləndirmişdir. Bu zərurəti qiymətləndirmək üçün Təhsil Nazirliyi  yanında  İctimai  Şura  “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” silsilə müzakirələrə start verib. Fevralın 4-də keçirilən ilk müzakirələr məktəb sistemində olduqca vacib mövzuya - təlim və tərbiyə məsələlərinə həsr olunub. İlk müzakirələrdə Təhsil Nazirliyinin əməkdaşları, İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.  İctimai Şuranın cari təqvim ilində ilk olaraq müasir çağırışlar dönəmində təhsilimiz üçün mühüm əhəmiyyət daşıyan təlim və tərbiyə məsələsini müzakirəyə çıxarmasını qurum üçün uğurlu fəaliyyətin başlanğıcı hesab etmək olar.

 

“Daha çox təlim-tərbiyə məsələlərinə fokuslanmalıyıq”

 

İctimai Şuranın sədri Günel Səfərova tədbirin açılışında qeyd edib ki, təhsil ictimiyyəti ilə ilk görüşdə son günlər məktəblərdə baş verən hadisələrin səbəbləri  diqqətdə  olacaq. Eyni zamanda digər ictimai görüşlərin mövzuları ictimaiyyət nümayəndələri ilə birlikdə müəyyən olunacaq. 

 

G.Səfərova İctimai Şura barədə məlumat verərək qeyd edib ki, bu qurum 9 qeyri- hökumət təşkilatının nümayəndələrindən ibarətdir. İctimai Şura yeni tərkibdə 2 aydır ki, fəaliyyətə başlamasına baxmayaraq, artıq bir sıra işlər görülüb.  Şuranın Fəaliyyət Planı hazırlanıb və təkliflərdən asılı olaraq bu planda müəyyən dəyişikliklər edilə bilər. İctimai nəzarət funksiyasını həyata keçirməkdə ictimaiyyətin, təhsil ekspertlərinin dəstəyinə ehtiyacın olduğunu deyən G.Səfərova hesab edir ki, bu gün elə bir məsələ yoxdur ki, biz onu təklikdə həll edə bilək. “Biz birlikdə bu məsələləri müəyyən edib, ilk növbədə, onların həlli yollarını tapmağa çalışacağıq. Xüsusilə Təhsil Nazirliyinə təşəkkür edirəm ki, İctimai Şura olaraq bizim verdiyimiz bütün təkliflərdə bizə dəstək göstərib. Təhsil bir strukturun, bir idarənin işi deyil, ümumilikdə hamımızın  birgə işidir. Və bu gün biz daha çox məktəblərdə təlim-tərbiyə məsələlərinə fokuslanmalıyıq”.

 

G.Səfərova şagird-məktəb münasibətlərinə dair cənab nazirin iştirakı ilə növbəti müzakirənin təşkil olunacağını, bu məsələlərlə bağlı İctimai Şuranın  tərkibində işçi qrupun formalaşdığını bildirib.

 

Tədrisin keyfiyyətinin yüksəldilməsi

 

Təhsilimiz üçün çox vacib bir müzakirənin başlanması təşəbbüsünə görə İctimai Şuraya təşəkkürlərini çatdıran Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Məktəblərdə keyfiyyət monitorinqi-2021 nəticələrinin təhlilində müəllim-şagird münasibətləri və “bullinq” adlı təqdimatla çıxış edib. Şöbə müdiri təqdimatında təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə məktəblərdə təhsilin, tədris və idarəetmə prosesinin keyfiyyətinin ölçülməsi məqsədilə keçirilən monitorinqlərin nəticələrinə toxunub.

 

E.Əliyev bildirib ki, monitorinqlərlə bağlı beynəlxalq  təlimlər təşkil olunub, xarici ekspertlər dəvət edilib. Bir çox dünya ölkələrinin təcrübəsi araşdırılıb və yüksək təcrübəsi olan pedaqoqlardan və qabaqcıl məktəb direktorlarından ibarət nümunəvi komanda formalaşdırılıb. Yeni yanaşma əsasında 2021-ci təqvim ili ərzində 100 məktəb  monitorinqə cəlb olunub. Monitorinq gedişində 4-5 mütəxəssis  2-3 gün ərzində məktəbdə 4 sahəni qiymətləndirib. Tədris prosesini qiymətləndirməyə, öyrənmə-öyrətmə prosesini, məktəb mühitini, başqa sözlə, məktəbdəki  münasibətləri  (şagird-valideyn, məktəb-şagird, müəllim-şagird, rəhbərlik-müəllim) araşdırmağa, eləcə də məktəbdəki infrastrukturun  təlim-tərbiyənin keyfiyyətli təşkili üçün nə qədər uyğun olduğunu müəyyən etməyə çalışıb. 4 sahə - şagirdlər, müəllimlər, qiymətləndirmə, idarəetmə və məktəb mühiti ilə bağlı hər bir məktəb üzrə ətraflı hesabat hazırlanıb. Təxminən hər məktəbdə 30-40 dərs dinlənilib. Məktəbdə şagird və müəllimlər, idarə heyətinin üzvləri müsahibə olunub, həmçinin bütün 7, 8, 9-cu sinif şagirdləri, onların valideynləri və məktəb müəllimlərinə sms vasitəsi ilə məktəbdəki bu münasibətlərə dair suallara cavab vermələri üçün anonim sorğu göndərilib. Təhlil çox böyük olduğu üçün onun yalnız bir hissəsi ictimaiyyətlə müzakirəyə təqdim olunur.

 

Şagird-müəllim münasibətləri

 

Monitorinqin nəticələri barədə danışan E.Əliyev tədqiqat gedişində ölkə üzrə təxminən 11 minə yaxın şagirdə və valideynə, təxminən 3 minə yaxın müəllimə sorğu göndərildiyini bildirib. Şöbə müdirinin sözlərinə əsasən, sorğuya reaksiyalar qaneedici olmayıb, yəni 50 faiz respondent sorğuya  cavab verməyib. Tədqiqatda təxminən 5-6 min şagird, bir o qədər müəllim və təxminən 1500-ə qədər valideynin cavabları əks olunub. “Şagird-müəllim” münasibətləri ilə bağlı sorğuda iştirak edən şagirdlərin təxminən 86, müəllimlərin isə 71 faizi müəllim-şagird münasibətlərini əhatə edən suallara ümumilikdə müsbət cavab veriblər.  

 

E.Əliyev qeyd edir ki, sorğuda iştirak edənlərin 29 faizi bu münasibətlərin yaxşı olmadığını deyirsə, bu, kifayət qədər narahatedici məqamdır.

 

Opponentlərə məktəbdə bullinqin baş verməsi ilə bağlı da müxtəlif suallar ünvanlanıb. Rəyi soruşulanların 80 faizi belə hesab edir ki, məktəblərdə belə hallar yaşanmır. 20 faiz isə bunun olduğunu düşünür. Burada həm valideynlərin, həm də müəllimlərin cavabları öz əksini tapıb.   

 

Məktəb şagird üçün nə dərəcədə maraqlıdır...

 

Şöbə müdiri hesab edir ki, “məktəbin şagird üçün maraqlı olması”  barədə sorğu təlim-tərbiyə prosesi ilə əlaqəli olmasa da, müzakirə üçün yaxşı bir imkan verir. Əsasən şagirdlərin böyük hissəsi məktəbin onun üçün maraqlı olduğunu düşünür. Təxminən 15 faiz şagirdin bu suala mənfi cavab verməsi isə narahatedicidir.  “Müəllimlər şagirdlərlə hörmətlə davranırlar” sualına verilən cavaba gəlincə, E.Əliyev qeyd edir ki, “təbii ki, biz belə hesab edirik ki, müəllimlərimiz hər zaman şagirdlərlə hörmətlə davranmalıdır, ancaq şagirdlər bəzən bu cür də düşünə bilirlər: onların təxminən 15 faizi müəllimlərin onlarla heç “vaxt” və ya “nadir hallarda”  belə davrandığını bildirir” .

 

“Mən dərslə bağlı nəsə demək istədikdə müəllimlər məni dinləyirlər”. Bu suala şagirdlər “həmişə” və “çox vaxt” cavabı veriblər.  “Şagirdlərin böyük hissəsi bu suallara müsbət cavab versə də, mənfi cavab verən kiçik hissə bizi narahat etməlidir. Demək ki, biz hələlik istəyimizə tam nail ola bilməmişik, müəllimlərlə işləmək vacib missiyamız davam etməlidir”.  

 

Bu rəqəmlər, nəticələr gələcəkdə təhsillə bağlı qərarlar verilərkən bizə kömək edəcək. Bu nəticələrdən gələcək məktəb fəaliyyətləri, təlim-tərbiyənin mövzusu və s. kimi vacib məsələlərlə bağlı qərarların verilməsində istifadə olunacaq.

 

Məsələyə obyektiv yanaşma

 

“Bullinq (təhqiretmə, əlqaldırma, təkləmək və s. hallar) baş verirmi” sualını şagirdlərin 19 faizi “bəli”, 7 faiz “bəzən”, 44 faiz “heç vaxt baş vermir”, 6 faiz “həmişə”, 25 faiz “nadir hallarda baş verir” kimi cavablandırıblar. E.Əliyev qeyd edib ki, burada bizi narahat edən 6 və 7 faizdir. 13 faiz hesab edir ki, onların məktəbində belə hallar baş vermir. Nəzərə alsaq ki, burada 5 min şagirdin rəyi götürülüb, bunların demək olar ki, minə yaxını - 700-800 nəfər belə halların baş verdiyini bildirib. “Bu, öz-özlüyündə bizi narahat edir. Yəni, biz məsələyə obyektiv yanaşırıq,  yalnız müsbət məqamları qabartmaq istəmirik. Az bir hissə bunun baş verdiyini deyirsə, bu, bizi narahat edir. Biz buna reaksiya verməliyik ki, onu necə aradan qaldıra bilərik”. 

 

Başqa bir məsələ şagirdlərin psixoloji vəziyyəti ilə bağlıdır. Bu məsələ üzrə ciddi müzakirələr aparılır. “Sinif rəhbəri, müəllimlərlə və psixoloqlar problemlərimizi dinləyir, problemin həllinə yardım edir” -bu sorğuya 9 faiz “bəzən”,  22 faiz “çox vaxt”, 4 faiz  “heç vaxt”, 61 faiz” “həmişə”, 4 faiz “nadir hallarda”  kimi cavab veriblər.

 

Beləliklə, 5 min şagirddən təxminən 800-900-ü belə problemlərlə rastlaşdıqda yardım alacaqları şəxslərin olmadığını deyirlər.  Şagirdlərə “Məktəbdə narahat edən məsələ ilə bağlı kiməsə yaxınlaşa biləcəyin şəxslər varmı “ kimi sual verildikdə onların 14 faizi deyir ki, “yoxdur”. Bu da həll olunmalı məsələdir. Bu, bəzi məktəblərdə düzgün kommunikasiya olunmadığından baş verir”. 

 

“Müəllimlər övladıma lazımı diqqət və qayğı göstərirlər” sualına valideynlərin əksəriyyəti müsbət cavab versə də, burada təxminən 20 faiz belə olmadığını düşünür.

 

E.Əliyev qeyd edib ki, biz həqiqətən başa düşmək istəyirik ki, reallıqda bizim valideynlər məktəb barədə nə düşünürlər. “Müəllimlər şagirdlərə xoş münasibət bəsləyirlər” - burada rəqəmlər xoş görünsə də, yəni  80 faiz bunun belə olduğunu düşünsə də 19 faiz belə olmadığını deyir və bu da düşündürücüdür. “Şagirdlər bir-biriləri ilə hörmətlə rəftar edirlər” sualına da “çox vaxt”, “həmişə” kimi cavablar alınıb. 75 faiz müsbət düşünsə də, 25 faiz hesab edir ki, şagirdlər həmişə mehriban deyillər. “Məktəbdə şagirdlər arasında bullinq halları baş verirmi” sualına müəllimlərin 87 faizi “heç vaxt” və “nadir hallarda”  kimi cavab versələr də, çox kiçik hissəsi bu halların şahidi olduğunu bildirib.   

 

Sinfin idarə olunmasına dair təlimlər keçiriləcək

 

Müşahidə və müsahibələrin nəticələrinin təhlilindən danışan şöbə müdiri 150-ə yaxın dərsdinləmələrində iştirak etdiyini bildirərək qeyd edib ki, bəzən məktəblərimizdə hər hansı hərəkətin bullinq olduğunu bilmirlər. Bəzən bullinqin mahiyyətinə varmadan, bilmədən buna yol verilir, yəni, uşaqlar bilmirlər ki, bunu etmək olmaz. O, bullinqlə bağlı maarifləndirmə işlərinin aparılması zəruriliyini də qeyd edib.

 

E.Əliyev daha bir vacib məqama toxunub: “Bəzi gənc təhsilverənlər müəllimlərin işə qəbul imtahanlarında yüksək ballar toplayaraq məktəblərə qəbul olunsalar da pedaqoji iş təcrübələri olmadığından sinfin idarə olunmasında problem yaşayırlar.  Sinfin idarə olunması problemi olduğundan bu, onların məktəbdəki gələcək işini çətinə salır. Biz düşünürük ki, il ərzində müəllim təlimlərinin böyük qismi  gənc müəllimin sinfin idarə olunmasına yönəlsin. Yəni, qarşıdakı ildə mühüm vəzifələrdən biri bu olacaq ki, 2022-ci tədris ilində müəllimlərin işə qəbulu imtahanından uğurla keçən müəllimlərə sentyabrın 15-ə qədər sinfin idarə olunması ilə bağlı ayrıca bir təlim verək”.

 

Şagirdlərin nümunəvi davranış qaydaları hazırlanacaq

 

Şöbə müdiri məktəblərdə şagird davranış qaydaları və bu qaydaların kommunikasiyası barədə də danışıb. Dünya təcrübəsi də göstərir ki, məktəblərdə sinfin idarə olunmasının  ən vacib yolu davranış qaydalarının olması və ilin əvvəlindən düzgün kommunikasiya edilməsidir. Məktəblərdə şagird qaydaları ilin əvvəlində və şagirdlər üçün sadə olmalıdır. Deyək ki, 10 qayda olsa və bu qaydalar hamı ilə düzgün kommunikasiya olunsa, biz çox şeylərdən qaça bilərik.

 

E.Əliyev bildirib ki, nazirlik yeni 2022-2023-cü tədris ili  başlayana qədər şagird davranış qaydalarının yenilənməsi ilə bağlı işlər görəcək. “Nümunəvi davranış qaydaları hazırlanacaq. Onun bütün məktəblərdə kommunikasiya olunması nəzərdə tutulur. Bunun  hazırlanması və yenidən təkmilləşməsi prosesinə təhsil ictimaiyyətini, müəllimləri, məktəb rəhbərliyini cəlb etməyə qərar vermişik və hazırda yerlərdə məktəblərdə xüsusi işçi qruplar yaradılır. Onların təklifləri əsasında vahid  şagird davranış qaydalarının, o cümlədən valideynlərlə ünsiyyətə dair yeni təlimatların hazırlanması nəzərdə tutulub”.

 

Qeyd edilib ki, müəllim-şagird münasibətlərilə bağlı da mövcud qaydaların təkmilləşməsi qarşıya məqsəd qoyulub. Bu təhlilin nəticəsində nazirliyin əldə edəcəyi qərarlar təqvim ili ərzində görüləcək işlərin yalnız bir istiqamətidir. Bu, şagird-məktəb, məktəb-valideyn, şagird-müəllim münasibətlərinin tənzimlənməsi mövzusunda fokuslandığımız istiqamətdir. “Təbii ki, gələcəkdə yenə də maraqlı olarsa, biz tədrislə, məktəbdaxili qiymətləndirmələr, idarəetmə ilə bağlı da müvafiq təhlillərin, müşahidə-sorğuların nəticələrini ictimaiyyətlə paylaşmağın tərəfdarıyıq. Biz son günlərdə baş verən hadisələrə ictimaiyyətin doğru yanaşmasının yaranmasında maraqlıyıq”.

 

Təhsil nazirinin müşaviri Elnur Nəsibov qeyd edib ki, təqdimat Təhsil Nazirliyinin bu sahədə düşündüyü, vəziyyətin monitorinq edilməsi və nəticələrin çıxarılmasının göstəricisidir. “Bu, artıq çox gözəl bir mesajdır. Düşünürəm ki, bu, bir daha onu göstərir ki, təhsil yalnız nazirliyin, onun aparatının və tabe qurumların problemi və ya mövzusu deyil, bu, bizim cəmiyyətin mövzusudur. Burada toplaşmağımız təhsilalanlara biganə qalmadığımızın göstəricisidir. Bu gün bizim ilk görüşümüzdür, silsilə müzakirələrin başlanğıcıdır. Belə ki, ayda ən azı bir dəfə İctimai Şuranın dəstəyi ilə bu cür müzakirələr davam edəcək”.

 

Daha sonra İctimai Şuranın üzvləri, təhsil tədqiqatçıları, ekspertlər, məktəb direktorları tərəfindən ölkəmizdə təhsilin inkişafı, məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir çağırışlar dövründə baş qaldıran bir sıra qlobal problemlərlə bağlı təklif və tövsiyələrini səsləndirilib.

 

Oruc MUSTAFAYEV

 

 



11.02.2022 | 09:14