MDU-da yaz semestrində tədris prosesinin təşkili müzakirə olunub

Mingəçevir Dövlət Universitetinin  (MDU) Elmi Şurasının növbədənkənar iclasında  “2021/2022-ci tədris ilinin yaz semestrində MDU-da tədrisin və təlim-tərbiyə prosesinin təşkilinə dair Qaydalar” müzakirə olunub.

 

Diqqətə çatdırılıb ki, son günlərdə ölkədə yoluxma sayının artması ilə əlaqədar cari tədris ilinin yaz semestrində tədris prosesinin təşkili payız semestrində qəbul edilmiş qaydalar əsasında həyata keçiriləcək. Bildirilib ki, sözügedən Qaydalar xüsusi karantin rejiminin mövcud tələbləri, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, MDU-nun mövcud infrastruktur imkanları, təhsilalanların və akademik heyətin COVID-19 infeksiyasından maksimum qorunması amilləri və keçən semestr ərzində əldə edilən təcrübələr nəzərə alınmaqla hazırlanıb. Müzakirələrdən sonra Qaydalar Elmi Şura tərəfindən qəbul edilib.

 

Daha sonra iclasda MDU-nun tələbə və müəllim kollektivi üzvlərinin müvafiq dozalar üzrə vaksinasiyadan keçməsi vəziyyəti müzakirə olunub. Bu istiqamətdə əldə edilən nəticələrə görə MDU-nun hər zaman respublikanın ali təhsil müəssisələri arasında ön sıralarda olmasından məmnunluğunu bildirən rektor Şahin Bayramov  yaz semestrində dərslərin hibrid formatda davam edəcəyini deyib.

 



15.02.2022 | 15:24