BDU-da yaz semestrində də mühazirələr “BLACKBOARD” platforması üzərindən keçiriləcək

Bu gündən Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz semestri başlayıb.

 

BDU-dan bildirilib ki, yaz semestri payız semestrində olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada, hibrid formada təşkil ediləcək.

 

Pandemiya şəraitini nəzərə alaraq, mühazirə dərsləri “BLACKBOARD” platforması üzərindən onlayn formada, məşğələ və laboratoriya dərsləri isə ənənəvi qaydada keçiriləcək.

 

BDU-nun giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda, yeməkxanalarda COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirici poster, nişan və göstəricilər yerləşdirilib, giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılıb, sanitar qovşaqlarda dezinfeksiyaedici məhlullar və digər gigiyenik vasitələr qoyulub.

 

Qeyd edək ki, BDU-nun 16 fakültəsində 24 mindən artıq tələbə təhsil alır.

 

 



16.02.2022 | 10:46