Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün təlim

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün “Laparoskopik vərdişlər” üzrə təlim kursu keçirilib.

 

I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov və klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilovun təşkilatçılığı ilə baş tutan təlimi Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova açıb.

 

O, rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şərait olduğunu deyərək, belə təlimlərin rezidentlərin bilik və təcrübələrinin artırılmasında böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

 

Müasir təhsil sistemini təlimlərsiz təsəvvür etmədiyini bildirən I Cərrahi xəstəliklər kafedrasının müdiri,  professor Nuru Bayramov isə təlim iştirakçılarına istiqamətin mahiyyəti barədə məlumat verib. Qeyd edib ki, müasir dövrdə tibb tələbələri və həkim-rezidentlərin tədris prosesində praktiki vərdişlər və bacarıqlar əldə etməsi çox mühümdür, bu onların gündəlik iş vərdişlərində böyük rol oynayacaq. N.Bayramov kursların davamlı olacağını vurğulayıb.

 

Sonra I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov 10 təlim kursu keçiriləcəyini və cərrahiyyənin bütün sahələri üzrə praktiki bacarıqların əldə olunması üçün Tədris Treninq Mərkəzində laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr edilmiş videomühazirələr oxunacağını deyib. “Karl Storz” firmasının təqdim etdiyi əməliyyat texnikasından da bəhs edən E.Əzimov bildirib ki, laparoskopik vərdişlərin öyrənilməsi, eləcə də müxtəlif əməliyyatların, o cümlədən təcrübi məşğələlərin aparılması məhz bu texnikanın vasitəsi ilə canlı nümayiş olunacaq.

 

Bildirilib ki, bu kurslar təhsil proqramı çərçivəsində keçiriləcək. Təlim zamanı rezidentlər davamlı olaraq tibb təhsili ilə yanaşı, həm də laparoskopiya üzrə fundamental bacarıqlar, cərrahiyyədə düyün və tikiş vərdişləri, müxtəlif növ anastomoz texnikaları ilə də yaxından tanış olacaqlar.

 

Təlim kursunun sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

 

 



17.02.2022 | 10:52