Müəllimlərin işə qəbulu müsabiqəsində yeniliklər

10 ilə yaxındır ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində dəyişikliklər var. Təkmilləşdirmə məqsədilə aparılan növbəti dəyişikliklər rəy və sorğular əsasındadır və artıq qüvvəyə minib. Tətbiq ediləcək yeni qaydalarla bağlı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov keçirilən onlayn brifinqdə məlumat veriblər. Bildirilib ki, yeniliklər müəllimlərin işə qəbulu ilə yanaşı, yerdəyişməsi qaydalarında da dəyişikliyə səbəb olub. Beləliklə, bu il müəllimlərin qatılacaqları müsabiqələrdə qarşılaşacaqları yeniliklərə nəzər salaq.

 

Test imtahanlarının vaxtı da, toplanıla biləcək mümkün balı da artdı

 

Test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb. Bunun namizədlər üçün əlverişli şəraitin yaradılmasına səbəb olacağı düşünülür. Çünki müəllimliyə namizədlər bu müddət ərzində yenə ənənəvi şəkildə 60 suala cavab verəcək. Amma cavabların  qiymətləndirilməsi fərqli olacaq. Belə ki, namizədlər əvvəlki kimi 60 yox, 100 bal toplayacaqlar. İxtisas suallarına görə hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə isə 1 bal qiymətləndiriləcək. Yeniliklər arasında müəllimliyə namizədlər üçün digər  xəbər odur ki, səhv cavablandırdıqları 4 test tapşırığına görə 1 doğru cavab silinəcək. Eşqi Bağırov bu dəyişikliyin namizədlərin eyni nəticə toplamasının qarşısının alınması, daha fərqli bölgünün aparılması, vakansiya seçimi mərhələsində daha obyektiv və ədalətli mexanizmin tətbiqi məqsədi ilə izah edib. Onun fikrincə, yeni mexanizm həm seçimdə, həm yerləşdirmədə obyektivliyi təmin edəcək.

 

Vakansiya seçimində öncəlik şəhid ailələrindən olanlara verilir

 

2021-ci ildə keçirilən müsabiqədən sonra müəllimlərin işə qəbulu üzrə test imtahanlarının bir neçə mərhələdə təşkili ilə bağlı müzakirələr isə reallaşmayıb. Ona görə də bu il test imtahanları yox,  vakansiya seçimi iki mərhələdə aparılacaq. İlk mərhələdə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailələrinin üzvlərinə seçim şansı yaradılacaq. Daha sonra digər namizədlər üçün vakansiya seçimi açıq elan ediləcək.

 

Ucqar kənd yerlərində çalışan müəllimlərin balının hesablanmasında bu ildən etibarən dəyişikliklər olacaq. Belə ki, həmin ərazilərdə 3 ildən çox müddətdə fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1.1 əmsalına vurularaq hesablanacaq. Bu da onların fəaliyyətini stimullaşdırmaq, kənd məktəblərində pedaqoji kadr təminatını çevik və sistemli şəkildə reallaşdırmaq məqsədi daşıyır.

 

Xatırladaq ki, əmsallaşdırma daha bir kateqoriyada  - hərbçi ailələrinə əvvəlki illərdən tətbiq edilir və həmin güzəştlər bundan sonra da qüvvədə qalacaq. Belə ki, Təhsil Nazirliyi  hərbi qulluqçuların ailə üzvlərinin iş yerlərinin onların xidməti yerlərinə uyğun dəyişdirilməsinə həssas yanaşaraq hərbçi ailələrindən olanların nəticələrinə müvafiq əmsallar tətbiq edir.

 

Müsabiqəyə çıxarılacaq vakant yerlərin sayına gəlincə, bu il də rekord sayda vakansiyanın olacağı gözlənilir. E.Bağırovun sözlərinə görə, ötən il 8000-ə yaxın vakansiya elan edildi. Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı. Ümumilikdə 13 minə yaxın vakansiya elan olundu. Builki MİQ müsabiqəsinə də eyni sayda vakant yerin çıxarılacağı gözlənilir: “Demək olar ki, eyni sayda vakant yer builki MİQ müsabiqəsində də elan ediləcək. Müsabiqənin keçirilməsi prosesi iyulda başlayıb avqusta kimi davam edir. Tədris ilinin əvvəlinə kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır”.

 

Yerdəyişmə istəyinə 3 il məhdudiyyəti

 

Bu il üçün də müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur. Müsabiqənin keçirilmə vaxtında bir dəyişiklik olmasa da, yerdəyişmə şərtlərində ciddi yenilik var. Bu yeniliyin son illərin təhlillərinin nəticələrinə əsaslandığını bildirən E.Bağırovun sözlərinə görə, işə qəbul olunan kadrların mütəmadi olaraq yerdəyişmə və yenidən işə qəbul üçün müraciət etdikləri müşahidə olunub. Bu da təhsilin fasiləsizliyinə mane olur və yerlərdə narazılıqlara gətitib çıxarır. Bunu nəzərə alaraq aparılan dəyişiklik nəticəsində işə qəbul olunanların ilk 3 il ərzində yerdəyişməsi məhdudlaşdırılıb.

 

Əvəzində isə stimullaşdırıcı tədbir olaraq 3 il müddətində fasiləsiz işləyən müəllimlərin nəticələri yerdəyişmə zamanı 1.05, 5 ildən çox işləyən müəllimlərin balı isə 1,1 əmsalına vurularaq hesablanacaq.

 

Yerdəyişmə müsabiqəsində də ilk olaraq daimi əsaslarla işləyən şəhid ailələri üzvlərinə öncəlik veriləcək. Bu dəfə də vakansiya mərhələsinə ilk qatılan onlar olacaq. Növbəti mərhələdə digər kateqoriyadan olan namizədlər iştirak edə biləcəklər.

 

Başqa bir dəyişiklik Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi ilə bağlıdır. Belə ki, bu ərazidə işə qəbul və yerdəyişmə zamanı yüksək rəqabət, vakant yerlərin sayı, müəllim sıxlığı və digər məsələləri nəzərə alaraq, yerdəyişmədə ədaləti təmin etmək üçün prosesin müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçirilməsinə qərar verilib. Digər bölgələrdə isə yerdəyişmə açıq şəkildə elan ediləcək və heç bir məhdudiyyət olmayacaq.

 

Daimiləşmə müsabiqəsi bu il sonuncu dəfə keçirilir

 

Daha bir yeni xəbər ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərədir. Belə ki, müddətli əmək müqaviləsi ilə çalışanlarla müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən daimiləşmə müsabiqəsi gələn ildən olmayacaq. Müddətli müqavilə ilə tutulan yerlər tədris ilinin sonunda vakansiya olaraq müəllimlərin işə qəbulu müsabiqəsinə çıxarılacaq və namizədlərin seçiminə buraxılacaq. Həmin yer uğrunda mübarizəyə müddətli müqavilə ilə işləmiş namizədlər digər namizədlərlə birlikdə qatıla biləcəklər.

 

Sonuncu daimiləşmə müsabiqəsinin isə yaxın aylarda keçirilməsi planlaşdırılır. Həmin müsabiqəyə 2022-ci il yanvarın 31-dək, yəni, 2021-2022-ci tədris ilinin əvvəlindən bəri müddətli müqavilə əsasında işə başlayanlar qatılacaqlar.

 

Ruhiyyə DAŞSALAHLI

 



18.02.2022 | 09:13