BDU ilə Qlazov Dövlət Pedaqoji Universitetinin əməkdaşlığı müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji Universitetinin rektoru Yanina Çiqovskaya-Nazarovanı qəbul edib.

 

Azərbaycanın ən böyük və qədim universiteti olan BDU haqqında məlumat verən rektor Elçin Babayev qeyd edib ki, 1919-cu ildə yaradılan ali məktəb 16 fakültə, 120 kafedra, 3 elmi mərkəz, 20 elmi-tədqiqat laboratoriyası, 2 elmi-tədqiqat institutu, 1 kollec və 1 liseyi özündə birləşdirir. E. Babayev son illər universitetin beynəlxalq əlaqələrinin daha da gücləndiyini, artıq 8 ölkə ilə ikili diplom proqramlarının həyata keçirildiyini xatırladıb. Hazırda BDU-da 1 beynəlxalq kafedra – İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrası, 2 beynəlxalq institut – Konfutsi İnstitutu (Çin) və Bakı King Sejong İnstitutu (Koreya), 3 beynəlxalq mərkəz - Abay Kunanbayev adına Qazax Mərkəzi, Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi və Rus Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb.

 

Qlazov Dövlət Pedaqoji Universitetinin rektoru Yanina Çiqovskaya-Nazarova isə qeyd edib ki, rəhbərlik etdiyi təhsil ocağı Rusiyada müəllim hazırlığını həyata keçirən əsas ali məktəblərdəndir. O, Azərbaycanın ali məktəbləri ilə sıx əlaqələrin qurulmasında maraqlı  olduğunu vurğulayıb.

 

Görüşdə BDU və Qlazov Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 



23.02.2022 | 10:57