Səfir:” Xalqlarımız arasında inam və etimad bundan sonra da davam edəcək”

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib. Görüşdə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.  

 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, ötən görüşlərdə irəli sürülən ideyaların həyata keçməsi artıq son mərhələdədir:

 

“İnanıram ki, Pakistanda açılacaq Azərbaycan dili və mədəniyyət mərkəzi pakistanlı və azərbaycanlı gənclər üçün, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq. Biz çalışacağıq ki, həmin mərkəz tam gücü ilə işləsin. Universitetimizdə fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzi də digər mərkəzlərlə sıx əlaqədədir. İnanıram ki, işlərimizin daha uğurla həyata keçirilməsində cənab səfirlə birlikdə səylərimizi əsirgəməyəcəyik. Dost və qardaş Pakistan xalqı daima bizimlə birlikdədir. Biz bunu 44 gün davam edən Zəfər savaşında da gördük. Pakistanın bizə olan dəstəyini heç zaman unutmayacağıq.”

 

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva görüşün əhəmiyyətindən danışıb, dəvət üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib:

 

“Pakistan-Azərbaycan dostluq münasibətləri ən yüksək səviyyədə davam etməkdədir. Pakistan sözün əsl mənasında bizim üçün qardaş ölkədir. Mənim Pakistana səfərlərim çox olub. Pakistan haqqında kitab da yazmışam. Pakistanın hər bir bölgəsində Azərbaycan sözünə olan sevginin şahidi olmuşam. Bu, sadəcə rəsmi şəxslərin, ictimai xadimlərin deyil, həm də xalqın yanaşması idi. Pakistanla bütün istiqamətlərdə əlaqələrin qurulması xüsusi ilə vacib məqamlardandır.” 

 

Səfir Bilal Hayee Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin hər zaman qorunduğunu vurğulayıb:

 

“Bu günün xüsusi önəmi var. Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyi qeyd olunur. Bu münasibətlə Azərbaycan Dillər Universitetində rəsm sərgisi təşkil olunub. Sərgidə Azərbaycanla Pakistan arasında olan dostluq və qardaşlıq münasibətlərinin tablolarda təsvirini görə bilərik. Xalqlarımız arasında inam və etimad bundan sonra da davam edəcək. Qeyd etməliyəm ki, Pakistanda da tezliklə Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı olacaq. Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı ölkələr arasında əlaqələrin qurulmasında, eyni zamanda münasibətlərin daha da inkişaf etdirilməsində böyük imkanların səfərbər olunmasına şərait yaradacaq. Çox şadam ki, Azərbaycan-Pakistan əlaqələrinin 30 illik yubileyi ilk olaraq məhz Azərbaycan Dillər Universitetində qeyd olunur.”

 

Tədbirin sonunda Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə həsr olunmuş rəsm sərgisinin qaliblərinə sertifikatlar və pul mükafatları təqdim edilib.

 



23.02.2022 | 12:23