BMU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri

Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Tədbirdə hadisələrin tarixi xronikasını əks etdirən videoçarx nümayiş olunub. Sonra  çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdiyini söyləyən rektor əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıqdan, şəhərin barbarcasına yerlə-yeksan edilməsindən danışıb.

 

H.Məmmədov Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində ilk məqsədyönlü fəaliyyətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını diqqətə çatdırıb.

 

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə səfirliklər və diaspor təşkilatlarının həyata keçirdiyi işləri vurğulayan ali təhsil ocağının rəhbəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin ildən-ilə daha da genişləndiyini söyləyib.

 

Rektor 44 gün sürən döyüşlər nəticəsində Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdiyini, şəhidlərimizin, Xocalının günahsız qurbanlarının qisasının alındığını bildirib.

 

Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bəşəri cinayətin – Xocalı soyqırımının ağır nəticələrindən bəhs edib.

 

44 günlük Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini vurğulayan A.Fərzəliyev ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək tarixi Qələbə qazandığını və şəhidlərimizin qisasının alındığını deyib.

 

Daha sonra tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev,  BMU-nun Tələbə Gənclər Təşkilatının sədri Ləman Şərifova çıxış ediblər. Çıxışlarda Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin üzərinə düşən əsas vəzifələr qeyd edilib.

 

Tədbirin sonunda BMU-nun bədii özfəaliyyət kollektivinin hazırladığı “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 



23.02.2022 | 17:02