Bakı və Sumqayıt məktəbliləri Xocalını andılar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) və Sumqayıt şəhər 1 nömrəli UGİM-in birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, BŞTİ-nin və Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Sumqayıt şəhər 1 nömrəli UGİM-in direktoru Əntiqə Rzayeva, Bakı şəhəri 4 nömrəli UGİM-in direktoru Gülarə Quluzadə, yazıçı Əvəz Mahmud, Əməkdar artist Nadir Xasiyev, soyqırım şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Öncə şagirdlərin hazırladıqları rəsm və əl işlərindan ibarət sərgiyə baxış keçirilib.

 

Tədbirdə tarixin ədalətsizlik və haqsızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımının xalqımızın qan yaddaşında əbədi yer tutduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan xalqı o dəhşətli faciədən 30 il ötməsinə baxmayaraq həmin müdhiş gecənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, fəlakətin səbəbkarlarına dərin nifrətini bildirir, həlak olanların xatirəsini dərin ehtiramla yad edir.

 

Həmçinin belə tədbirlərin həyata keçirilməsinin və ümumilikdə məktəblərdə aparılan məqsədyönlü vətənpərvərlik tərbiyəsi işinin gənclərin daha yetkin vətəndaş kimi formalaşmasına xidmət etdiyi qeyd olunub. Vətən Müharibəsində döyüşən Azərbaycan ordusunun hər bir əsgərinin yüksək vətənpərvərliyində ailəsi ilə yanaşı, Azərbaycan məktəbinin və Azərbaycan müəlliminin də müstəsna rolu olduğu vurğulanıb.

 

Daha sonra Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbir şagirdlərin ifasında ədəbi bədii-kompozisiyalarla davam edib.

 

 



24.02.2022 | 12:15