“BIM və inşaatda rəqəmsal transformasiya”

Bakı Mühəndislik Universitetində (BMU) “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar təşkil olunub. Hibrid formada gerçəkləşən tədbirə onlayn formada müxtəlif xarici ölkələrdən iştirakçılar da qoşulub.

 

Seminarda çıxış edən BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov tədbirin aktual mövzuya həsr olunduğunu, müasir dünyada memarlığın İT texnologiyalardan yararlanaraq daha da inkişaf etdiyini vurğulayıb.

 

E.Süleymanov 30 il düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edildiyini, ölkə Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılacaq quruculuq işlərinin həyata keçirilməsində memarların üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.

 

Bir müddət öncə BMU-nun Dizayn ixtisasının tələbələrinin Qarabağda park layihələri hazırladıqlarını xatırladan prorektor nəzərə çatdırıb ki, tələbələr işğaldan azad olunmuş torpaqlarımızda istədikləri regionu seçərək həmin əraziyə uyğun park layihəsi təqdim ediblər və bu layihə ölkə ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.

 

E.Süleymanov tədbirdə müzakirə olunan mövzuların həm müəllimlər, həm də  tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib, seminarın işinə uğurlar arzulayıb.

 

BMU-nun memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov Azərbaycanda ilk dəfə bu mövzuda seminar keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, BIM-in layihələndirmə, tikinti və binaların idarə edilməsi proseslərini rəqəmsallaşdıran yeni bir yanaşma olduğunu söyləyib və seminarın memar, eləcə də inşaat mühəndisləri üçün təkan olacağını vurğulayıb. Memarlıq və inşaat fakültəsində tədrisin Azərbaycan və ingilis dillərində aparıldığını qeyd edən A.Əlifov BMU və Koreyanın İnha Universiteti arasında həyata keçirilən ikili Diplom Proqramı çərçivəsində tədris olunan İnşaat mühəndisliyi ixtisasından da söz açıb.

 

Daha sonra seminar təqdimatlarla davam edib.

 



24.02.2022 | 15:12