“Yalnız xoşbəxt müəllimlər xoşbəxt insan yetişdirə bilərlər”

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı tanınmış türkiyəli psixoloq, Baltaş Qrupunun rəhbəri, professor Acar Baltaş təhsilə baxışlarını və düşüncələrini bölüşüb.  Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 21 fevral 2022-ci il tarixində yayımlanan bölümündə qabaqcıl elm adamı Acar Baltaş ilə xoşbəxt məktəblər barədə danışılıb. “T-Network”ün koordinatoru, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.

 

Öyrətmək doğru reaksiya verməkdir

 

Proqramın 21 fevral buraxılışının Beynəlxalq Ana Dili Gününə təsadüf etdiyi üçün girişdə Gülağa Məmmədovun ifasında Emin Sabitoğlunun bəstəsi olan Kərkük bayatılarına aid “Şirin dil” mahnısı səsləndirilib. Görüşün aparıcısı Cəfər Mənsimi Acar Baltaşın müəllifi olduğu “Təcrübə dünənin, təhsil isə sabahın biliyini təmsil edir. Çölə baxan xəyal görür, içəri baxan isə oyanır” cümlələrilə görüşü açaraq qonağı və izləyiciləri salamlayıb. Aparıcı tanınmış türkiyəli qonağı izləyicilərə yaxından təqdim edib. Bildirib ki, psixoloq, professor Acar Baltaş Cərrahpaşa Universitetində doktorantura təhsili zamanı Türkiyədə ilk dəfə olaraq neyro-psixologiya mövzusunu araşdırıb, “Beynin yüksək funksiyaları” haqqında tədqiqatlar aparıb. O, 1983-cü ildən bu günə kimi təşkilati psixologiyaya dair təcrübəsini iş həyatının ehtiyacları ilə uzlaşdıraraq liderlik və komanda işi mövzusunda seminarlar verir, kitablar yazır və insan resursları sahəsində xidmət göstərən Baltaş Qrupunu idarə edir. “Həyatı dolu-dolu yaşamaq”, “Xəyalını yorğanına görə uzat”,  “Türk mədəniyyətində idarəçilik”, “Yeni minillikdə iş uğurunun 12 açarı”, “Bir səyahət olaraq liderlik” və digər kitabların müəllifidir.

 

C.Mənsimi qonağın soyadına baxdıqda iki söz - “bal” və “daş” sözlərinin önə çıxdığına diqqət çəkib və Acar Baltaşın həyatının bal və daş kimi tərəfləri haqqında nə deyə biləcəyini soruşub. Professor bildirib ki, məsləyini Türkiyədə qəbul etdirmək üçün apardığı mübarizələr həyatının daş tərəfidir. 1986-cı ildə həyat yoldaşı ilə birgə yazdığı “Stress”, “Bədən dili” və s. kitablarının isə həyatının bal tərəfi olduğunu qeyd edib və vurğulayıb ki, kitablarındakı mövzular həmin dövrdə dünyada yeni duyulan, Türkiyədə isə heç bilinməyən anlayışlar olub.

 

A.Baltaş təhsil dünyasında atılması vacib addımlardan danışaraq deyib ki, öyrənənlər həyatla bağlı təməl bilgilər almalı, peşəsindən məmnun və xoşbəxt müəllimlər tərəfindən öyrədilməlidirlər. “Müəllim xoşbəxt deyilsə, nəticənin gözləndiyi kimi olması mümkünsüzdür. Şagirdlər nə öyrəndiklərini unudurlar. Lakin müəllimlərin dərs zamanı nə hiss etdirdiyi unudulmur. Deməli, müəllimlərin qurduğu əlaqə üslubu çox önəmlidir. Öyrətmək doğru reaksiya verməkdir. Müəllimin sinifdə öyrətdiyindən daha önəmlisi yaratdığı əlaqə ola bilər deyə düşünürəm”.

 

Əgər insan bu amala xidmət edərsə, xoşbəxt ola bilər

 

“Sizə görə xoşbəxtlik nədir?” sualına cavabında psixoloq xoşbəxtliyin 3 məqamına toxunub: “Bəlkə də dünyada ardınca gedilərək əldə edilə bilinməyən tək şey xoşbəxtlikdir. Çünki xoşbəxtlik bir yolçuluq, prosesdir. Birincisi, xoşbəxtliyi yaşanılan anla, məmnun olmaqla qarışdırırlar. Ancaq bunlar xoşbəxtlik deyil, həzzdir. İkincisi -  xoşbəxtlik insanın etdiyi işdən zövq alaraq zamanı unutmasıdır: oxuduğu kitabdan, dinlədiyi musiqidən, idmandan, maraqlı söhbətdən və s. Bu cür xoşbəxtliyi əldə etmək üçün insanın bədəninə və beyninə yatırım etməsi lazımdır. Üçüncü növ xoşbəxtlik insanın özünü aşan, özündən başqa digərlərini də düşünmək kimi məqsədə xidmət etməkdir. Məsələn, ehtiyacı olan insanlara yardım etmək, heyvanları qorumaq, iqlim dəyişikliyinin qarşısını almaq məqsədilə nəsə etmək və s. Əgər insan bu amala xidmət edərsə, xoşbəxt ola bilər”.

 

Müəllimlik missiyası

 

Professor bildirib ki, xoşbəxt şagirdlər yetişdirmək üçün xoşbəxt müəllimin olması mütləqdir. Müəllimliyin bir missiya olduğunu qeyd edən qonaq vurğulayıb ki, yaxşı müəllim olmaq üçün anadan müəllim kimi doğulmaq lazımdır.Müəllim sinifə girərkən “mən dərsimi yaxşı hazırladımmı, şagirdlərimə bunu başa sala biləcəyəmmi?” sualları ətrafında düşünməkdən öncə “mən bu sinifə ölkənin gələcəyini inşa etmək, dünya üçün yaxşı insanlar yetişdirmək üçün girirəm” deməlidir. Dərsi başa salmaq bundan sonra gəlməlidir. Bu zaman şagirdlər də xoşbəxt olacaq.

 

Xoşbəxt məktəblər yaratmaq üçün nəyi dəyişməliyik?

 

Aparıcının “Xoşbəxt məktəblər yaratmaq üçün hazırkı təhsildə nələri dəyişmək lazımdır?” sualına cavabında professor söyləyib ki, belə bir məktəbin yaradılması üçün müəllim, şagird, valideyn və rəhbər şəxslərin arasında iş birliyinin olması vacibdir. Yazıçının sözlərinə görə, təhsil işi məktəbin tək başına görəcəyi iş deyil, mütləq ailə, müəllim, şagird, rəhbər şəxslər bir araya gələrək nəyin necə edilməsi müzakirə etməlidirlər.

 

8 guşəli çağırış

 

Xoşbəxt məktəblər yaratmaq üçün Acar Baltaş məktəb planını bu cür qurmağı tövsiyə edib və bu planı 8 çağırışdan ibarət səkkiz guşəli ulduza bənzədib: “1.Nizam-intizam qaydasının olması. Məktəblərdə nizam-intizam olduqda bir çox şeylər qaydaya düşəcək. 2.İştirakçılıq. Müəllim, şagird, valideyn, rəhbər şəxslərin birgə fəaliyyəti. 3.İstedadlı və xoşbəxt müəllimlər. 4.Anlayış və şəfqət. 5.Effektiv idarəetmə və rəhbərlik. 6.Texnologiyanın tətbiqi. 7.Qrup fəaliyyəti, iş birliyinin öyrədilməsi. 8.Sənət və fəlsəfə. Fəlsəfə bilməyən toplumlarda estetika, sənətin yaranması mümkün deyil”. Psixoloq onu da əlavə edib ki, təhsildəki bütün problemlərə rəğmən müəllimlər düzgün seçilsə, düzgün təhsil verilsə, uyğun ödənilmə aparılsa möcüzələr etmək olar.

 

Şagirdlər məktəbdə xoşbəxt deyillər. Bəs çıxış yolu nədir?

 

Acar Baltaş şagirdlərin məktəblərdə xoşbəxt olmamasının səbəbini belə açqlayıb: “Şagirdlər məktəbdə xoşbəxt deyillər. Çünki onlar xoşbəxt müəllimlərlə rastlaşmayıblar.  Şagirdlər öyrəndiklərini həyatda tətbiq edə bilmirlər, bu biliklər həyatda onların işinə yaramır. Problemi aradan qaldırmaq üçün şagirdlər həyatın içinə atılmalı, bunun üçün qrup çalışmalarına imkan verəcək proqramların hazırlanmalı, müəllimlərin, məktəb üçbucağının üzvlərinin iş birliyi təmin olunmalıdır”.

 

Acar Baltaş uğur və xoşbəxtlikdən öncə insanın həyatda ən çox güvənə ehtiyacı olduğunu bildirib. Yazıçının fikrincə, insanların özlərinə və bir-birilərinə güvəni çox aşağıdır: “Toplumda xoşbəxtliyə nail olmaq istəyiriksə, insanlar evlənmədən öncə uşaq tərbiyəsi ilə bağlı təhsil almalıdırlar. Əhəmiyyətli bir həyatın üç təməl prinsipi var: 1)əhəmiyyətli, işə yarayan bilikləri öyrətmək, etdiyiniz hər bir şey əhəmiyyətli olmalı, işə yaramalıdır; 2)dərin etibara, dayanıqlı münasibətə sahib olmaq; 3)özünü aşan bir məqsədə xidmət etmək”.

 

Qonaq qeyd edib ki, uşaqlarımızı yetişdirərkən ən təməl nöqtə ilk illərdə onlara ayırdığımız zamandır. Uşaqları oynadıqları oyunlar, qulaq asdıqları musiqilərə görə danlamaq deyil, onlara qatılmaq, dəstəkləmək, onları başa düşməyə çalışmaq, onlarla həmsöhbət olmaq lazımdır. Müəllimlər də şagirdləri ilə anlayışlı davranmalı, onların fikirlərinə hörmət etməlidirlər.

 

“Həyatın haqqını vermək” kitabının yazarı olaraq Acar Baltaş 15 yaşından uşaqları yay tətillərində işlətməyi tövsiyə edib. Psixoloq 1 yaşlı uşaqların oyuncaqlarını toplamalı, 2 yaşlı uşaqların yeməyi özləri yeməli, 3 yaşlı uşaqların ayaqqabısını, düyməsini özü bağlamalı, ən gec 6 yaşdan yataqlarını toplamalı olduqlarını, ev işlərində valideynlərinə kömək etmələrini deyib. Bütün bunlar uşaqlarda məsuliyyət, işə sevgi, iş görən insanlara hörmət hissi formalaşdırır.

 

Cəfər Mənsiminin “Uğurun həyatımızı zəhərlədiyini demisiniz. Nədən belə düşünürsünüz? Zəhəri bala çevirmək üçün nə tövsiyə edirsiniz?” sualını cavablandıran qonaq bildirib ki, uğurlu olmaq qürur verər, uğursuzluq isə inkişaf etdirər, insanların empatik olmasına gətirər, uğurun dəyərini artırar. Həyata anlayış verən uğursuzluqdur, öyrənmə fürsətidir.

 

Məktəb həyatından həyat məktəbinə

 

Acar Baltaş hesab edir ki, müəllimlər dinləməyi sevmir və deyilənlərə “bunu bilirik” cavabı verirlər. Professor qeyd edib ki, müəllim üçün ən önəmli məqam əlaqə qurmaq, yaxınlaşmaq və sual vermək olmalıdır: “Müəllimlərə çox sağlam tövsiyəm budur - öncə dayan və soruş. Cavabı aldıqdan sonra söyləyəcəyin şey eşitdiyindən daha təsirli olmalıdır. Müəllimlərdə gördükləri işin missiyasına inam olmalıdır”.

 

Özü-özünü təmin etmək və özgüvən hissləri haqqında da danışan professor bildirib ki, özünü təmin etməyin əsas qaynağı keçmişdə qarşılaşılan uğur və uğursuzluqlar, öncəki uğurlarına hörmət duyğusudur. Belə insanlar problemin ətrafında fırlanıb onu çözə bilirlər. Özünə həddindən artıq güvənən insanlar əslində sahib olmadıqlarını əldə etdiklərini düşünür, səriştələrini şişirdir, başqalarını günahlandırır.

 

Məktəb həyatını həyat məktəbinə necə çevirməyin yolları haqqında suala cavab olaraq yazıçı bildirib ki, “bunun üçün mütləq məktəb binasından kənara çıxmaq, qrup çalışmasını təşviq etmək, şagirdləri fiziki şəkildə məşğul edərək öyrənməyə yönəltmək lazımdır. Bunun üçün sadəcə məktəb laboratoriyaları yetmiz. Şagirdləri məktəb binasından kənara çıxarmadıqda, onların tapşırıq üzərinə məsuliyyət qoymadıqda uşaqlar tənbəlləşir və tələb etməyə başlayırlar”.

 

Yeni çağırışçı C.Mənsiminin “Siz təhsil sistemini yenidən inşa etsəydiniz hansı məktəb modelləri olardı? Ən çox nəyi önə çıxarardınız” sualına cavabında A.Baltaş qeyd edib: “Mən KIPP modelini (1994-cü ildə ABŞ-da yaradılmış çarter dövlət məktəbləri şəbəkəsi. Şagirdlərin əksəriyyətini afroamerikalı və latınamerikalı, ispan dilli uşaqlar təşkil edir) örnək alardım. Bu modeldə uşaqları mümkün qədər məktəbdə saxlamaq, məktəbin imkanlarından faydalanmaq, musiqi, rəqs, idman var”. Sosial-duyğusal öyrənmənin təmin edilməsi üçün də A.Baltaş qrup çalışmasının çox önəmli olduğunu deyib, insanların bir-birilərindən öyrəndiklərinə diqqət çəkib.

 

İnsanlığa xidmət etməyən texnologiya

 

“Xoşbəxt müəllimlər necə yetişdirilməlidir” sualının cavabında qonaq birinci seçim meyarlarının olması, sonra onlara yaxşı təhsil verilməsinin vacibliyini vurğulayıb: “İnsanlara motivasiya verən birinci proses öyrənmədir, ikinci - inkişaf, üçüncü - tutduğu işdə kontrol imkanlarının varlığı, dördüncü-etdiyi işdə uğurlu olmaq duyğusu yaşaması, beşincisi-əldə etdiyi işin əhəmiyyətini anlamasıdır. Müəllimlərdə gördükləri işin missiyasına inam olmalıdır. Onu da qeyd edim ki, xoşbəxt müəllimlərin formalaşmasında rəhbər şəxslərin də xüsusi rolu var. Onlar birlikdə çalışdığı isanların həyat yolçuluğunu bilməlidir. Diqqət edin, liderlik dünyada ən çox araşdırılan mövzudur. Amma dünyada ən zəif yer də idarəçilikdir. Çünki onlar işin fəlsəfəsindən məlumatsızdırlar”.

 

Görüşün sonunda türkiyəli qonaq Acar Baltaş Azərbaycana könül dolu salamlar göndərib, “həyatı dolu-dolu yaşayın, sahib olduğunuz şeylər barədə bir daha düşünün və qiymətini bilin. Sizin sahib olduğunuza sahib olmayanlara əl uzadın” müraciəti ilə proqramı yekunlaşdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA



25.02.2022 | 12:21