AzTU, MDU və Türkiyənin Yıldız Teknik Universitetinin birgə anım tədbiri

Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Yıldız Teknik Universitetinin (YTU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Tədbirin açılışında AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun rektoru Şahin Bayramov və Yıldız Teknik Universitetinin prorektoru Nur Bekiroğlu çıxış ediblər.

 

Rektor V.Vəliyev Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımına həsr olunan ortaq anım proqramının əhəmiyyətindən danışıb.

 

Qardaş ölkələrin ali təhsil müəssisələrinin vahid platformadan çıxış etməsini müsbət dəyərləndirən V.Vəliyev faciənin səbəblərinin, baş verdiyi tarixi və ictimai-siyasi şəraitin tədqiq edilməsində, Xocalı həqiqətlərinin gənc nəsilə ötürülməsində və bu istiqamətdə müvafiq təbliğat işlərinin aparılmasında universitetlərin rolundan bəhs edib.

 

MDU-nun rektoru Ş.Bayramov nəinki Azərbaycan xalqına, eləcə də bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət hesab edilən Xocalı faciəsindən 30 il ötdüyünü bildirib, 1992-ci ilin fevral ayında, soyuq qış gecəsində erməni cəlladlarının xüsusi amansızlıqla törətdikləri qətliamı dünya tarixində baş vermiş ən qəddar soyqırım hadisələrindən biri kimi dəyərləndirib.

 

YTU-nun prorektoru Nur Bekiroğlu Türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını xatırladıb, bu fikirlərin Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının rəmzi olduğunu söyləyib.

 

30 il əvvəl qardaş azərbaycanlılara qarşı qəddarcasına törədilən Xocalı soyqırımının acısına daim şərik olduqlarını bildirən prorektor illər keçsə də, bu dəhşətli qətliamın heç zaman unudulmayacağını, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını və sonsuz ehtiramla yad ediləcəyini bildirib.

 

Universitetlər arasında işbirliyinin yalnız akademik müstəvidə deyil, üçtərəfli formatda keçirilən belə tədbirlərlə də inkişaf etdirilməsini yüksək qiymətləndirən N.Bekiroğlu əməkdaşlığa hər zaman açıq olduqlarını deyib.

 

Sonra tədbirdə iştirak edən professor-müəllim heyəti üzvlərinin məruzələri dinlənilib.

 



25.02.2022 | 14:05