Şagirdlərin rəqəmsal bacarıqları artır

Texnologiyada inkişaf və kommunikasiya imkanları son illərdə daha da sürətli şəkildə artır və dünya standartları səviyyəsinə çatdırılması baxımından müxtəlif yönümlü layihələr reallaşır. İnformasiya texnologiyaları tətbiqinin inkişafı bütün təhsil pillələrində müşahidə olunur, elektron təhsil sisteminin əhatəsi genişlənir. Şagirdlərin alqoritmik düşüncə, proqramlaşdırma bacarıqlarının gücləndirilməsi, həmçinin rəqəmsallaşma imkanlarının artırılması baxımından beynəlxalq əməkdaşlıqlar çərçivəsində bir sıra müsabiqələr, layihələr təşkil olunur. Belə ki, 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin birgə əməkdaşlığı çərçivəsində reallaşan “Rəqəmsal bacarıqlar” layihəsi artıq 4 ildir, əhatə dairəsini daha da genişləndirir. Bunun nəticəsidir ki, bu layihə bütün təhsil pillələrində maraqla qarşılanır. İlkin olaraq, layihədə Bakı şəhərində 45 məktəbdə 5-ci sinif üzrə 65 min şagird iştirak edib. Növbəti illərdə isə bu say daha da artıb, 73 məktəbdən 26 min şagird layihəyə qatılıb. 2019-2020-ci tədris ilində layihə artıq ümumi 123 məktəbi və 70 min şagirdi əhatə edib. Layihənin uğurlu tətbiqi, böyük əhəmiyyət kəsb etməsi nəticəsində əhatə dairəsi genişlənib, bir çox rayon və şəhərləri əhatələyib. Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi 222 məktəbdə tətbiq edilir və 120 minədək II-IX siniflər üzrə Azərbaycan və rus bölmələrinin şagirdlərini öz ətrafında birləşdirir.

 

Qeyd edək ki, layihənin təşkil olunduğu təhsil ocaqlarının lazımi texniki avadanlıqlarla təchiz olunması həyata keçirilib, ölkə üzrə 446-dan çox müasir komputer otağı və 10610 yeni komputer istifadəyə verilib. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində şagirdlər üçün əhəmiyyət daşıyan yeniliklərdən biri də dərslik proqramında edilən dəyişikliklərdir.  Belə ki, 2019-2020-ci tədris ilindən etibarən layihənin iştirakçıları olan VII sinif şagirdlərinə artıq yüksək səviyyəli “Python” proqramlaşdırma dilindən dərslər keçirilir. 2020-ci ilin mart ayından etibarən layihə çərçivəsində tədris olunan informatika fənnindən buraxılmış mövzular üzrə ümumilikdə 72 teledərs ictimaiyyətə təqdim olunub. “Rəqəmsal bacarıqlar” layihəsi üzrə keçirilən dərslərdə şagirdlərin daha da fəal olmasını təmin etmək məqsədilə layihənin tətbiq olunduğu məktəblərdə mütəmadi təhlil hesabatları aparılır. Təhlil sənədində göstərilmiş nəticə ilə məktəblər şagirdlərin fəaliyyətlərini izləyə və ortaya çıxan çətinlikləri aradan qaldıra bilərlər. Bu ilin müşahidələri onu göstərir ki, şagirdlərin fəallığı artmaqda davam edir.

 

Eyni zamanda, layihənin fəaliyyətini artırmaq məqsədilə ilin yekunlarına dair online formatda tədbirlər keçirilir, vebinarlar təşkil olunur. Ötən illərdə aparılan “Yay məktəbi” layihəsi çərçivəsində şagirdlər arasında rəqəmsal bacarıqların artırılması baxımından müxtəlif yönümlü dərslər keçirilib. Dərslər həftədə 2 dəfə ”Scratch” və  “Python” proqramlaşdırma dilləri üzrə tədris olunub.“Rəqəmsal bacarıqlar” layihəsi platformasında 2019-cu ildə Azərbaycanda “Kod saatı” qlobal hərəkatı çərçivəsində ən irimiqyaslı tədbirlər keçirilib. “Kod saatı” hərəkatının əsas məqsədi proqramlaşdırma bacarıqlarını şagirdlər arasında populyarlaşdırmaq, məktəblilərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, proqramçı peşəsi ilə bağlı düşüncələrində olan bəzi tərəddüdləri yox etmək, əksinə maraqlı cəhətlərini üzə çıxarmaqdır.

 

Genişmiqyaslı, mürəkkəb və xüsusi zehni qabiliyyət tələb edən “Rəqəmsal bacarıqlar” layihəsi məktəblilərin İKT vərdişlərinə dərindən yiyələnməsinə, informasiya platformasında sərbəst və məqsədyönlü fəaliyyətə nail olunmasına, sağlam rəqabət şəraiti yaratmasına imkan verir. Həmçinin, bu platformada əsas məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirməyə, İnformatika fənninin tədrisinin təkmilləşdirilməsinə və fənnin tədrisində yeni metodların şagirdlərdə analitik düşüncə tərzinin, alqoritmik təfəkkürün, kodlaşdırılma, müstəqil və komandada vərdiş, bacarıqların inkişafına gətirib çıxarmasına nail olmaqdır.

 

Hazırda layihənin genişləndirilməsi istiqamətində planlaşdırma işləri aparılır, bu sahədə bəzi məsələlər müzakirə, hədəflər müəyyən olunur. Layihəyə qoşulan bölgələr ilə kifayətlənməyərək, İnformatika fənninin tədrisində yeni ideyaların yeni ərazilərdən olan məkdəblərdə də tətbiqi planlaşdırılır. Məktəb direktorları ilə daimi görüşlər təşkil edilir, müzakirələr aparılır. Layihəyə uyğun olaraq X sinif şagirdləri üçün ixtisaslaşdırılmış İT siniflərin açılması gözlənilir. Eyni zamanda, layihəyə qoşulması nəzərdə tutulan məktəblərdə monitorinqlər keçirilir, informatika otaqlarındakı avadanlıqlar və şərait qiymətləndirilir.

                                                                 

Tünzalə QULİYEVA



25.02.2022 | 15:07