Universitetdə Karyera və İnkişaf Mərkəzinin açılışı olub

Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) maliyyə və texniki dəstəyi ilə yaradılan Karyera və İnkişaf Mərkəzinin (KİM) açılışı olub.

 

Açılışda MDU-nun rektoru Şahin Bayramov, GIZ-in qrup rəhbəri Joerg Le Blanc və layihə mütəxəssisi Nicat Qarayev iştirak ediblər.

 

Mərkəzin fəaliyyətinə universitetin əməkdaşları ilə yanaşı, tələbə könüllülərin də cəlb edildiyini vurğulayan rektor Ş.Bayramov KİM-in strukturu, təqdim etdiyi imkanlar və göstərdiyi xidmətlər barədə məlumat verib. Bildirilib ki, müvafiq dövlət qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq etməklə, yerli və xarici universitetlərin müvafiq təcrübəsindən faydalanmaqla tələbə, məzun və gənc əməkdaşların karyera inkişafına töhfə verməyi hədəfləyən mərkəz öz fəaliyyətini əmək bazarı iştirakçıları ilə işbirliyinin yaradılması, müvafiq qrant layihələrində iştirak, müxtəlif mövzularda təlimlər və seminarların təşkil edilməsi, məzunların işlə təminatı, təhsilalanların təcrübə imkanlarının artırılması və digər istiqamətlərdə qurub.

 

Sonra mərkəzdə çalışan heyət üzvləri ilə real iş şəraitində söhbət aparılıb.

 

Daha sonra rektor qonaqlarla görüş keçirib.

 

Görüşdə layihənin nəticələri, növbəti mərhələlərdə görüləcək işlər və MDU-nun strateji hədəflərinə uyğun olaraq GIZ ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

 



25.02.2022 | 15:47