Rəqəmsal texnologiyalar, proqramlaşdırma

Yeni dövr, alqoritmik düşüncə, bacarıqlar və rəqəmsal texnologiyalar...  Bəli, yaşadığımız cəmiyyət məhz XXI əsrin əsas bacarıqlarını özündə ehtiva edən, daha çevik, praqmatik,  müasir dövrün çağırışlarına cavab verə biləcək, rəqəmsal səriştələrə malik  gənclərin olmasını  tələb edir. Və o da danılmaz faktdır ki,  məntiqi təfəkkürü yüksək səviyyədə olan gənclərin İKT bacarıqlarının təməli orta məktəblərdə qoyulur. Bu bilik və bacarıqlar ali təhsil dövründə  daha da inkişaf edir.  Bu günün şagirdi, həmçinin tələbəsi sözün yaxşı mənasında düşüncə tərzinin daha fərqli olması, əldə etdiyi səriştə və bacarıqları ilə irəlidədir. Böyüməkdə olan yeni nəsil inkişafdadır.

 

Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  öz əksini tapan əsas istiqamətlərdən məhz biri  ölkəmizdə güclü insan kapitalı və innovasiya məkanının  yaradılmasıdır. Buna  isə yalnız dəqiq elmlər, texnologiyalar, informasiya texnologiyaları üzrə bilikləri artırmaqla, bu sahədə mütəxəssislər yetişdirməklə nail oluna bilər.

 

Elə Təhsil Nazirliyinin son illər həyata keçirdiyi çoxsaylı layihə və proqramların nəticəsidir ki, hazırda istər məktəblərimizdə, istərsə də ali təhsil müəssisələrində fənlərə, ixtisaslara yeni yanaşmalar, dünya təcrübəsini öyrənməklə, tətbiq olunan yeniliklər, eləcə də bütün bunların fonunda müəllimlərə qoyulan tələblər, müəllim hazırlığına artırılan diqqət nəticədə, təhsilimizin eləcə də yuxarıda sadaladığımız xüsusiyyətlərə malik gənclərin  inkişafına  birbaşa təsir edir. Bu gün bütün sahələrdə mütəxəssislərin  İKT ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İnformasiya və kommunikasiya texnologiyaları hazırda ən önəmli sahələrdən biridir.

 

Budəfəki yazımızda Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilən bir sıra layihələrdən söz açmaq istərdik.

 

Təhsilimizdə rəqəmsallaşma ilə bağlı ilk layihə

 

Rəqəmsallaşma, şagirdlərdə bununla bağlı  səriştələrin formalaşması məqsədi ilə həyata keçirilən ilk genişmiqyaslı layihə “Rəqəmsal bacarıqlar”dır. Layihənin rəhbəri Nilufər Rəhimova bizimlə söhbəti zamanı bildirdi ki, əsas məqsəd təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasının təmin edilməsidir: “Bu layihə 2017-2018-ci tədris ilindən  Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. İnformatika fənninin tədrisini təkmilləşdirməklə layihə şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirir və proqramlaşdırmanın əsaslarını öyrədir”.

 

Nilufər Rəhimova deyir ki, layihəyə böyük maraq var.  Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Göyçay, Sabirabad, Şabran, Xaçmaz, Salyan, Yevlax və Şəmkir şəhər və rayonları üzrə 250 məktəbdə tətbiq olunur və 190 000-dən çox II-IX siniflər üzrə Azərbaycan və rus bölmələrinin şagirdlərini əhatə edir. Layihə çərçivəsində fəaliyyət göstərən müəllimlərin sayı 1580-dən çoxdur. 2021-ci ildən layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta məktəbləri də əhatə edir: “Layihə eyni zamanda  şagirdlərə müasir texnologiya  və rəqəmsal bacarıqları təcrübədə, həmçinin proqramlaşdırmanı öyrənməyə imkanlar yaradır. Layihə çərçivəsində təşkil olunan  istər yerli, istərsə də beynəlxalq səviyyəli  müsabiqə və tədbirlərdə şagirdlərimizin uğurlu çıxışları bizim qarşıya qoyduğumuz hədəfə çatmağımızı göstərir”.

 

Layihənin 2022-2023-cü tədris ilində həm coğrafi, həm də müəllim və şagirdlərin sayı baxımından genişləndirilməsi məqsədilə məktəb direktorları ilə görüşlərin  keçirilməsi diqqətdə saxlanılır. Görüşlərin əsas müzakirə mövzusu yeni siniflərin əlavə edilməsi, layihə çərçivəsində X sinif şagirdləri üçün ixtisaslaşdırılmış İT siniflərinin açılması, həmçinin hazırda layihəyə qoşulması nəzərdə tutulan məktəblərdə monitorinqlərin aparılması, informatika kabinetlərindəki infrastrukturun qiymətləndirilməsidir. Onu da qeyd edək ki, yeni tədris ilində layihənin əlavə olaraq 150-dən çox yeni məktəbi əhatə edəcəyi və yeni regionlar üzrə coğrafi baxımdan iki dəfə genişləndirilməsi planlaşdırılır.

 

Təhsil  Nazirliyinin təşəbbüsü ilə İT kurslarına başlanılıb

 

Təhsil  Nazirliyinin təşəbbüsü ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən digər bir  layihə  ali təhsil müəssisələrində təhsil alan tələbələrin  İT üzrə bilik və bacarıqlarını artırılması ilə bağlı kursların təşkilidir. Və ilkin olaraq İT kursları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  təşkil olunub.

 

Cari ilin fevralın 15-də ADNSU-da “Code for future” adlı  layihənin açılışı olub. Tələbələrin proqramlaşdırma sahəsində biliklərinin artırılması üçün layihənin kifayət qədər geniş imkanlar yaratdığını qeyd edən həmsöhbətimiz  İT kurslarının (bootcamp) 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edəcəyini deyir.

 

Kursda ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri  iştirak edirlər. 300 tələbəni əhatə edən kurslarda  veb-tərtibatçılıq və sistem inzibatçılığı üzrə tədris verilir: “Məqsəd tələbələrin “junior” səviyyədə, peşəkar mütəxəssis kimi yetişdirilməsidir. Tələbələrimiz bu kurs vasitəsilə öz biliklərini sistemləşdirməklə yanaşı, eyni zamanda İT sahəsində daha mükəmməl bilgilərə sahib olmaq, bacarıqlarını təkmilləşdirmək imkanı qazanacaqlar”.

 

Gələcək müəllimlər üçün proqramlaşdırma üzrə təlimlər

 

Əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti layihə gələcək müəllimlər üçün proqramlaşdırma üzrə təlimlərdir. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil Texnologiyalar Mərkəzində “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi ilə birgə “Gələcək üçün kod” adlı təlimlərin keçirilməsinə start verilib.

 

Nilufər Rəhimova bildirir ki,  cari ilin fevralın 21-dən təşkil olunan təlimlərə informatika, riyaziyyat və informatika ixtisasları üzrə IV-V kurs , o cümlədən SABAH qruplarının tələbələri cəlb olunub. 300 tələbə arasından 166-sı təlimdən keçmək üçün seçilib. Gənclər  təlimlərə böyük həvəslə qatılıblar.

 

Təlimlər tələbələrə nə verəcək?

 

Təşkil olunan təlimlərin əsas məqsədi ADPU-nun tələbələri arasında məktəblərdə informatika fənninin tədrisi üçün ixtisaslı kadrların hazırlanması, onlarda proqramlaşdırma, kodlaşdırma, o cümlədən bu kimi digər bilik və bacarıqların aşılanmasıdır.

 

Tələbələr may ayının sonunadək həftədə 3 dəfə olmaqla proqramlaşdırma bacarıqları üzrə, həftədə 2 dəfə olmaqla məktəb dərslərində əyani təcrübə keçəcəklər. Gənclərə “Alqoritmika” beynəlxalq məktəbinin təlimçiləri tərəfindən təlimin keçirilməsi də nəzərdə tutulub. Təlimlərin mövzusu və proseslə bağlı tələbələr üçün 2 onlayn sessiya və sorğu təşkil edilib. Eyni zamanda təlimlərin təşkili  üçün “Alqoritmika” beynəlxalq məktəbinin ali təhsil müəssisəsinin  müvafiq kafedraları ilə birgə razılaşdırılmış təlim modulları hazırlanıb.

 

Onu da qeyd edək ki, layihə çərçivəsində ADPU və Təhsil Texnologiyalar Mərkəzində informatika kabinetləri yaradılaraq ən müasir kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilib. Bu da öz növbəsində təhsilalanların ehtiyacları üçün münasib olan sürətli və  təhlükəsiz internetə çıxışının təmin olunmasına şərait yaradır.

 

Yetər ki, istək olsun...

 

Təşkil olunan təlim və kurslar gənclərimiz üçün geniş imkanlar açır. Əminik ki, reallaşdırılan bu layihələr onların informatika, proqramlaşdırma sahəsində ixtisaslı kadrlar kimi yetişməsində, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik mütəxəssis kimi özlərini tanıtmaqda  mühüm rol oynayacaq.

 

Yetər ki, gənclərimiz öyrənməkdə istəkli olsunlar, yaradılan imkan və şəraiti maksimum dəyərləndirməyi bacarsınlar. 

 

Samirə KƏRİMOVA

 



04.03.2022 | 10:10