Xalq yazıçısı Əzizə Cəfərzadəyə həsr olunmuş dəyirmi masa

Mingəçevir Dövlət Universitetində (MDU) Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.

 

Tədbirdən əvvəl MDU-nun rektoru Şahin Bayramov yazıçının oğlu Turan İbrahimovla görüşüb. Görüşdə əsərlərində milli və mənəvi dəyərlərin təbliğinə geniş yer ayıran xalq yazıçısının yaradıcılığının tədqiq edilməsi və öyrənilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı önəmindən danışılıb və bu istiqamətdə universitetdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.

 

MDU-nun təhsil fakültəsinin akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların iştirak etdikləri dəyirmi masada çıxış edən universitetin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova görkəmli ədib və pedaqoq Ə.Cəfərzadənin zəngin həyat və yaradıcılığından, onun əsl azərbaycanlı qadına məxsus dəyərləri özündə birləşdirən obrazından və Azərbaycan ədəbiyyatında tutduğu özünəməxsus yerdən danışıb.

 

Kafedranın əməkdaşı Ayna Babazadə yazıçının əsərlərində yer alan başlıca mövzular barədə ətraflı məlumat verib, onun Azərbaycan filoloji fikrinin zənginləşməsi və inkişafına verdiyi töhfələrdən bəhs edib. A.Babazadə tanınmış yazıçının janr baxımından rəngarəngliyi ilə seçilən ədəbi fəaliyyətinin öyrənilməsinin önəmini diqqətə çatdırıb.

 

Universitetin tələbə və müəllim kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edən yazıçının oğlu T.İbrahimov tədbirin təşkilinə və dəvətə görə təşəkkürünü bildirib, görkəmli yazıçının ədəbi irsinin gənc nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

 

Tədbir zamanı Ə.Cəfərzadənin həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub, əsərlərindən ibarət kitablar MDU-nun kitabxana fonduna hədiyyə edilib.

 



04.03.2022 | 15:30