“Azərbaycan multikulturalizmi” fənni xaricdə ilk dəfə Azərbaycan dilində tədris olunacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir.

 

Mərkəzdən bildirilib ki, hal-hazırda sözügedən layihə çərçivəsində 24 ölkənin nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” tədris edilir. Dünyanın bir çox nüfuzlu ölkəsi BBMM-ə müraciət edərək “Azərbaycan multikulturalizmi” fənninin aparıcı ali təhsil müəssisələrində tədris təkliflərini irəli sürür. Cari ilin əvvəlindən etibarən, bu sıraya daha bir xarici ölkənin nüfuzlu universiteti - Pekin Xarici Dillər Universiteti də əlavə olunub.

 

Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev həmin universitetdə “Azərbaycan multikulturalizmi” fənninin çinli tələbələrə Azərbaycan dilində tədrisinə başlayıb. Qeyd edək ki, dünyada Azərbaycandan kənarda əcnəbilər üçün ilk və yeganə Azərbaycan dili ixtisası məhz Aqşin Əliyevin rəhbərliyi altında Pekin Xarici Dillər Universitetində yaradılıb və 2018-ci ildə Çin ümumrespublika qəbul imtahanı vasitəsilə bu ixtisasa qəbul həyata keçirilib. Hazırda Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələr dördüncü kursdadırlar. Cari ilin fevral-mart ayları ərzində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi vasitəsilə, tələbələrə Azərbaycan multikulturalizmi modelinin özəllikləri, ölkədəki etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol kimi mühüm mövzularda mühazirələr təqdim olunur.

 

Onu da qeyd edək ki, “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetdə Azərbaycan dilində tədrisi ilk dəfə həyata keçirilir.

 



04.03.2022 | 17:17