“Akademik məqsədlər üçün ingilis dili” təlim proqramını başa vuran müəllimlər mükafatlandırılıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin elm, mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi “Akademik məqsədlər üçün ingilis dili” təlim proqramı çərçivəsində səfirliyinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) olublar.

 

BMU-nun rektoru, professor Havar Məmmədov səfirliyin Mədəniyyət məsələləri üzrə müşaviri Richard Pinkham, İctimaiyyətlə əlaqələr departamentinin təhsil mütəxəssisi Ramina Mürşüdova və Virtual ingilis dili proqramının meneceri Sabina Abdullayeva ilə görüşüb.  

 

H.Məmmədov BMU-nun gənc universitet olmasına baxmayaraq, iqtisadiyyat, mühəndislik, pedaqoji sahədə yüksəkixtisaslı kadrlar yetişdirdiyini bildirib. Maddi-texniki bazanın möhkəmlənməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edən rektor yeni tədris binasının tikintisinin başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.

 

Universitetin beynəlxalq əlaqələrinə toxunan H.Məmmədov BMU-nun fəaliyyətə başladığı gündən etibarən dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsindən söz açıb. Bununla yanaşı, universitetin Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlarla əlaqə yaratmasından, müxtəlif proqramlarda və layihələrdə tərəfdaş qismində iştirakından danışıb.

 

BMU-nun ABŞ-ın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlığını,  müxtəlif təhsil proqramlarında universitetin müəllim və tələbələrinin fəal iştirakını xüsusi vurğulayan rektor səfirliyin elm, mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi “Akademik məqsədlər üçün ingilis dili” təlim proqramının xüsusi rolunu önə çəkib.

 

Səfirliyin nümayəndələri müəllimlərin təlimlərdə iştirakını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, 2021/2022-ci tədris ilində proqram çərçivəsində BMU-nun 20 nəfər müəlliminə ABŞ vətəndaşı cənab Michael Moak tərəfindən onlayn dərslər keçirilib. İki semestr müddətində davam edəcək təlim proqramı çərçivəsində müəllimlər müasir ingilis dili metodikası, tədris texnikaları və s. mövzularda dərsləri praktiki məşğələlərlə öyrənərək öz işlərində tətbiq etmək imkanı qazanacaqlar.

 

Görüşdən sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin elm, mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi “Akademik məqsədlər üçün ingilis dili” təlim proqramını başa vuran BMU müəllimləri  mükafatlandırılıb.

 



05.03.2022 | 15:01