Azərbaycanlı alimlər beynəlxalq tibb konqresində

Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, tibb üzrə fəlsəfə doktoru, professor İsa Abdullayev və tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov Türkiyənin Adana şəhərində keçirilən V Çukurova Gastro-İntestinal Xəstəliklər və Cərrahi Konqresində iştirak ediblər. Beynəlxalq səviyyədə təşkil olunan konqresə bir çox təcrübəli elm adamları olmaqla, 850-dən artıq iştirakçı qatılıb. Təcrübələrin paylaşılması məqsədilə 8 bölmədə keçirilən tədbirdə video və foto təqdimatlar üstünlük təşkil edib.  

 

Türkiyə Ostomi Cərrahi Dərnəyi, Adana Egitim və Araşdırma Xəstəxanası, Adana Çukurova Universiteti, Azərbaycan Endoskopik Laproskoplar Dərnəyi, Gastroenteroloji Diyetoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə cərrahi xəstəliklər başda olmaqla, həzm sisteminə daxil olan orqanların ümumi və metabolik xəstəlikləri müzakirə mövzusu olub.

 

Konqresin açılış mərasimində çıxış edən tibb fakültəsinin dekanı Elsevər Əsədov Naxçıvan Dövlət Universitetinin son illərdə qazandığı elmi uğurları, qardaş Türkiyə universitetləri ilə  birgə  aparılan əməkdaşlıq məsələlərini diqqətə çatdırıb.

 

Konqresdə Ümumi təbabət və klinik fənlər kafedrasının professoru İsa Abdullayevin “Kəskin pankreatitlərin müalicəsində müvəqqəti kimyəvi pankreatektomiyanın klinik əhəmiyyəti”, həmin kafedranın dosenti Cəbi İsmayılovun “Hepatoeksternal öd yollarının İatrogen hasarları” və fakültə dekanı Elsevər Əsədovun “Naxçıvan MR ərazisindən əldə olunan arıçılıq məhsullarının həzm sistemi xəstəliklərinin müalicəsində rolu” mövzularında çıxışları dinlənilib.

 

Müzakirələrdə qeyd olunub ki, qida borusu, mədə və yoğun bağırsaq xəstəliklərinin cərrahi müalicə prosesində uğurların əldə edilməsi üçün bu sahədə sürətlə artan elmi araşdırmaları, nəşrləri və texnoloji inkişafları daima izləmək, müalicə üsullarının multidisiplinar müzakirəsi vacibdir.

 

Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub, gələcəkdə belə konqreslərin Naxçıvanda keçirilməsi təklifi irəli sürülüb.

 



09.03.2022 | 16:11