Gənclər milli ruhda tərbiyə almalıdırlar

“Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində, əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər...”.

 

Prezident İlham Əliyevə məxsus bu sitat iki il bundan öncə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında səslənmişdi.  Ölkədə seçkilər keçirilmiş, parlamentin yeni formalaşan tərkibinə xeyli sayda gənclər seçilmişdi. Dövlət başçısı bu kontekstdən çıxış edərək, gəncliyin ölkənin ictimai-siyasi həyatındakı roluna, onların nümunəvi  yetişməsinin əhəmiyyətinə diqqət çəkmişdi.

 

Zaman sübut etdi ki, irəli sürülən bu tezislər olduqca əhəmiyyətlidir. Həmin çıxışdan altı ay sonra II Qarabağ müharibəsi başladı və Azərbaycan gəncliyinin milli ruhunun güclü olmasının vacibliyi niyə bu qədər önəmli olub, ümumiyyətlə, ölkədə necə bir gənclik yetişib kimi suallara tam aydınlıq gəlmiş oldu.  Göründü ki, savaşı aparan güc həqiqətən gənclikdir və onun vətənpərvərlik hissləri, torpağa bağlılığı yetərincə möhkəm formalaşıb. İstər təhsil mühitində, istərsə də ailədə olsun, milli ruhda böyümənin təməlləri olduqca sağlam atılıb.Çünki böyük sayda gənc çağırış gözləmədən könüllü cəbhə bölgəsində oldu və Vətəni düşmənin işğalından qurtarmaq üçün canını fəda etdi. Şəhid oldu, qazi oldu, bu müharibənin zəfərlə başa çatmasında öz sözünü dedi.

 

Gerçəkliklər sübut edir ki, gənclər siyasətinin düzgün qurulması, onlarla iş aparılması hansısa keçici bir mərhələyə aid deyil, bu, bütün zamanların məsələsidir. Qarabağ münaqişəsinin artıq həllini tapması vətənpərvərlik tərbiyəsinin önəmini azaltmır,  əksinə müharibənin nəticələri isbat edir ki, uğura gedən yolun ən vacib şərti milli ruha sahiblikdir və bu, istənilən xalq üçün öz dəyərini hər zaman qoruyub saxlamalıdır.

 

İstər elmdəki yeniliklər, texnologiyadakı sürətli dəyişikliklər, istər dünyadakı hərbi savaşlar göstərir ki, gəncliyin hər sahədə iştirakı aktualdır, üzərində hərtərəfli missiyası var və onların inkişafı, fəaliyyəti, sağlam formalaşması bütün zamanlarda diqqət ayrılması vacib məsələdir.   

 

Prezident İlham Əliyevin bütün çıxışlarına baxsaq, demək olar ki, hər zaman gənclərlə işləməyin önəminə toxunulur, üstəlik, davamlı şəkildə gənclərlə bağlı atdığı real addımlar, imzaladığı konkret sərəncamlar təsdiqləyir ki, ölkədə gənclər siyasətinin dinamik və ciddi aparılması üçün dövlət səviyyəsində mühüm işlər görülür.

 

Gənclərin 2022-2026-cı illərdə xaricdəki nüfuzlu ali təhsil müəssisələrində magistr səviyyəsində təhsilinin maliyyələşdirilməsini nəzərdə tutan dövlət proqramı bu günlərdə qəbul olundu. Bu proqram hər il 400 nəfərə qədər, ümumilikdə isə 2000 nəfər gəncin əsasən magistratura təhsili üzrə növbəti 5 il ərzində xarici ölkələrin ən nüfuzlu ali təhsil müəssisələrində hazırlığına maliyyə dəstəyi verəcək. 

 

İnformasiya texnologiyaları, mühəndislik, tətbiqi elmlər, ictimai  səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı sahələrini seçənlərin təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq. Bəllidir ki, bu, ilk dövlət proqramı deyil. Buna qədər də gənclərin xaricdə təhsili ilə bağlı mühüm dövlət proqramları qəbul olunub.

 

Bütün bunlar ona görədir ki, Azərbaycan gəncləri savadlı yetişsin, beynəlxalq təhsil təcrübəsini mənimsəsin, çağdaş dövrün tələblərinə uyğun kadr kimi formalaşsın. Çünki təhsil, asudə vaxtı səmərəli keçirmək üçün yaradılan şərait, könüllü fəaliyyətə təşviq onları məkrli xarici dairələrin təsiri altına düşməkdən qoruyur,  ölkəsinin maraqlarını hər yerdə müdafiə etmək cəsarətini və hisslərini möhkəmləndirir.  Prezident təhlükənin haradan gələ biləcəyini də gənclərə hər zaman açıq ifadə etməyə çalışır. Bunun dəfələrlə şahidi olmuşuq. Adları məşhur, əməlləri qara, təhlükə saçan, dağıdıcı xarakterli missiya yürüdən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altındakı qurumları, həmçinin “Sərhədsiz reportyorlar”ı gənclərə açıq vurğu ilə tanıtmaqda fayda olduğuna şübhə duyulmur. Çünki bunlar danılmaz gerçəkliklərdir ki, bu cür üzdəniraq təşkilatların digər ölkələrə qarşı çirkin fəaliyyətləri heç zaman bitmir, həmişə davam edən bir siyasət kimi qalır. Bu baxımdan gənclərlə davamlı işləmək, onların gözünü açmaq, onları maarifləndirmək mütləqdir.  Gənclər Fondu, Gənclər Evinin yaradılması, Könüllülük hərəkatının genişlənməsi kimi işlərin kökündə dayanan başlıca məqsəd də gənclərin enerjisini, marağını sağlam, faydalı istiqamətlərə yönəltməkdən ibarətdir. 

 

Azərbaycan gənclərinin inkişafını hədəfləyən mühüm sənədlərə imza atılarkən də hədəf həmişə bu olur. Xüsusi istedada malik olan uşaqların (gənclərin) potensialı üzə çıxarılsın, Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olsun, yeni yaradılan “Yüksəliş” müsabiqəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan gənclər seçilib, dövlət idarəçilik sistemində fəaliyyətə başlasın. Onlardan gələcəyin millət vəkilləri yetişsin. Çünki ağıllı, kamil gənclik elə vətənpərvər, milli ruhu möhkəm gənclikdir. Milli ruha sahib nəsillər isə Azərbaycana həmişə lazımdır. Gənclərin inkişafına dair qanunvericilik təşəbbüsləri gərəkli qanunların qəbulu və icrası ilə sonuclanmalıdır.

 

Çünki dövlətin gənclərə dəstəyi və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artır ki, bunun gözəl nəticələri var və bu nəticələrdən gəncləri yetişdirən ailələr də qazanır,  gənclərin özləri də, bütövlükdə ölkəmiz də...

 

V.ALLAHVERDİYEVA  



10.03.2022 | 11:51