Rektor:”Universitetlə agentlik arasında əməkdaşlığın yüksək nəticələr verəcəyinə əminik”

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin rəhbərliyi ilə agentliyin bir neçə məsul şəxsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşən qonaqlar ikitərəfli əməkdaşlıqla bağlı perspektivli layihələr və yeni hədəflərə dair fikir mübadiləsi aparıblar. 

 

Rektor  ADNSU-nun fəaliyyəti, universitetdəki HPC mərkəz haqqında məlumat verib. Bildirib ki, universitet tədrisin və təhsilin keyfiyyətini qaldırmaqla elmi nəticələr əldə edir, həmçinin, xalqımız və dövlətimiz üçün savadlı kadrlar yetişdirməyi təmin etməyə çalışır. Son illər bu istiqamətdə xeyli nailiyyətlər əldə olunduğunu qeyd edən M.Babanlı ADNSU məzunlarının işlə təminatı göstəricisinin ürəkaçan olduğunu deyib. Əlavə edib ki, gənclərin uyğun işlə təmin olunması istiqamətində Dövlət Məşğulluq Agentliyi kifayət qədər müasir, yeni yanaşmalarla bir çox nailiyyətlərə imza atıb, bu mənada əməkdaşlığın yüksək nəticələr verəcəyinə əmindirlər.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr haqqında məlumat verib. Bildirib ki, təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarı üçün lazımı mütəxəssislərin hazırlanması, məşğulluq səviyyəsinin yüksəldilməsində səmərəli nəticə verir.  Agentlik rəhbəri, o cümlədən ADNSU ilə həm istehsalat, həm də peşə hazırlığı istiqamətində əməkdaşlığın inkişafından danışıb və əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki tərəf üçün perspektivli olacağını qeyd edib.

 

Sonda tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 



11.03.2022 | 15:20