Türkiyənin universitet rektorlarından ibarət nümayəndə heyəti BDU-da

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ölkəmizdə səfərdə olan Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin rektoru, professor Bünyamin Şahin, Beynəlxalq Balkan Universitetinin rektoru, professor Mehmet Dursun Erdem, “Sıla” şirkətinin müdiri Harun Yurdakulla görüşüb.

 

Görüşdə rektor Elçin Babayev Azərbaycanın ən böyük və ilk universiteti olan 103 yaşlı BDU haqqında məlumat verib. Bildirib ki, son zamanlar universitetin elektronlaşdırılması, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması istiqamətində böyük işlər görülür:”Universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Fizika problemləri və Tətbiqi-riyaziyyat elmi-tədqiqat institutları fəaliyyət göstərir. Multidissiplinar elmlər üzrə institutların yaradılmasında da maraqlıyıq. BDU tədqiqat universiteti adını almağa hazırlaşır”.   

 

Rektor Türkiyə universitetləri ilə əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib: “Türkiyə universitetləri ilə “Erasmus”, “Mövlanə” mübadilə proqramları çərçivəsində əməkdaşlığa, ikili diplom proqramlarına çox üstünlük veririk. Türkiyə universitetləri ilə birgə tədqiqatlar apara, akademik heyətin və tələbələrin mübadiləsini həyata keçirə bilərik”.

 

E.Babayev Beynəlxalq Balkan Universitetində Azərbaycan kafedrasının, Tokat Qaziosmanpaşa Universiteti ilə isə ortaq elm-tədris qurumunun yaradılmasını təklif edib.

 

Beynəlxalq Balkan Universitetinin rektoru, professor Mehmet Dursun Erdem isə qeyd edib ki, Azərbaycanda 7-ci Sosial Elmlər Konqresi keçiriləcək. Konqresdə Avropadan, Türkiyədən, Orta Asiyadan, digər ölkələrdən alimlər iştirak edəcəklər. Azərbaycanın Qarabağ zəfərinin Türk dünyasında böyük sevinc yaşatdığını vurğulayan Mehmet Dursun Erdem Sosial Elmlər Konqresi çərçivəsində elmi müzakirələrlə yanaşı, Qarabağla bağlı həqiqətlərin də alimlərin nəzərinə çatdırılacağını vurğulayıb. O, BDU alimlərini konqresin işində aktiv iştiraka dəvət edib.

 

Tokat Qaziosmanpaşa Universitetinin rektoru, professor Bünyamin Şahin də öz növbəsində rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib, BDU ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

 

Görüşdə hər iki universitetlə gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, Beynəlxalq Balkan Universiteti və ADA Universitetinin birqə təşkilatçılığı ilə bu ilin 2-4 iyun tarixlərində Azərbaycanda İNCSOS 7-ci Qarabağ Beynəlxalq Sosial Elmlər Konqresi keçiriləcək. Tədbir Türkiyə Böyük Millət Məclisinin sədri, professor Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın himayəsi ilə keçirilir.

 

Beynəlxalq Balkan Universitetinin rektoru, professor Mehmet Dursun Erdem, Tokat Qaziosmanpaşa Universitetinin rektoru, professor Bünyamin Şahin konqresə hazırlıq çərçivəsində Azərbaycanda səfərdədir.

 

 



11.03.2022 | 18:32