Vikipediya təlimlərinə yenidən start verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Vikipediya təlimlərinə yenidən start verilib.

 

Açılış təliminə ilk olaraq Bakı Dövlət Universitetinin kitabxanaçılıq- informasiya və filologiya fakültələrinin tələbələri cəlb edilib.

 

Təlimin ilk günündə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev 6 ildir ki, kitabxanada ardıcıl surətdə Vikipediya maarifləndirici təlimlərinin təşkil olunduğunu, lakin son iki ildə koronavirus epidemiyası ilə əlaqədar bu işə ara verildiyini nəzərə çatdırıb. Professor Vikipediyanın informasiya mühitində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, yüzlərlə mütəxəssisin, müxtəlif dövlət qurumları və AMEA əməkdaşlarının, universitet tələbələrinin mütəmadi şəkildə viki-təlimlərinə cəlb ediləcəyini vurğulayıb.

 

Azərbaycanda Vikipediyanın inkişafına öz töhfəsini verən, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk çıxışında MEK-də təlimlərə yenidən start verildiyinin sevindirici hal olduğunu qeyd edib, “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, millət vəkili Elnur Allahverdiyevin bu prosesin ölkədə sürətləndirilməsini dəstəkləyənlərdən biri olduğunu nəzərə çatdırıb.

 

Qeyd edək ki, tələbələr bu təlimləri təcrübəli vikipediyaçılar, MEK-in Elektron Resurslar şöbəsinin mütəxəssisləri Nuray Tanrıverdiyeva və Səbinə Abizadədən alacaqlar. Bir ay müddətində kiçik qruplar şəklində keçiriləcək təlim zamanı tələbələrə Vikipediyanın mahiyyəti izah ediləcək, onlayn ensiklopediyanın iş prinsiplərinə dair məlumatlar, istifadə qaydaları və məqalə yaratmaq kimi bacarıqlar aşılanacaq. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.

 



14.03.2022 | 14:10