Təhsil müəssisələrində “Bahar çələngi” layihəsi

“Bahar çələngi” layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində Novruz tədbirləri keçirilir.

 

Tədbirlərdə şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, çərşənbələrin mahiyyəti, Novruz atributları haqqında geniş məlumatlar verilir.

 

Məktəb  kitabxanalarında “Novruz bayramı bədii ədəbiyyatda” adlı tədbirlər təşkil olunur, mənəvi  dəyərlərimizin  əks  olunduğu  bədii nümunələr (əsərlər) əsasında tamaşalar hazırlanır.

 

Eyni zamanda, Novruz bayramının qeyd edildiyi digər ölkələrin də adət-ənənələrinin əks olunduğu seminarlar keçirilir, idman yarışları və xalq oyunları, “Novruz  bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri təşkil olunur.

 

“Bahar  çələngi” adlı Novruz guşələri  və  divar qəzetləri  hazırlanır, məktəblərin həyətlərində yeni yaşıllıqlar salınır. Bundan əlavə, layihə çərçivəsində “Bahar çələngi”  festivalının keçirilməsi də nəzərdə tutulur.

 

Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən tədbirlərdə fərqlənən təhsil müəssisəsi, müəllim və şagirdlər təltif olunacaqlar.

 

Layihənin əsas məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.

 

 



14.03.2022 | 13:06